Bakı. Elçin Mehdiyev - Trend:
İstər qlobal, istərsə də regional miqyasda baş verən istənilən çağırışlara çevik və adekvat reaksiya verən Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də mühüm töhfəsini verir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Azərbaycan daim regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır və dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir:
"Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü baş tutub. Hazırkı şəraitdə milli səviyyədə təcrübəni bölüşmək, ölkələr tərəfindən bir-birinə dəstək və həmrəylik göstərməyə çox ehtiyac olduğunu nəzərə alsaq, videokonfransın xüsusi önəm daşıdığını söyləyə bilərik.
Azərbaycan Prezidentinin sədrliyi ilə keçən Zirvə toplantısı vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi və aradan qaldırılması məqsədilə dövlətlər tərəfindən həyata keçirilən tədbirlər ətrafında konstruktiv fikir mübadiləsi ilə yadda qaldı.
Üzv dövlətlərin rəhbərləri və Ümumdünya Səhiyyə Təşkilatının sədri məhz belə mürəkkəb bir zamanda Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımları alqışladıqlarını, pandemiya ilə mübarizədə dövlətimizin qabaqlayıcı tədbirlər həyata kecirərək çoxlarına nümunə olduğunu nəzərə çatdırdılar".
S.Mikayılova vurğulayıb ki, Türk Şurasına sədrliyi dövründə Azərbaycan üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin daha da dərinləşməsinə nail olub, eyni zamanda təşkilatın beynəlxalq nüfuzunun artması yönündə böyük addımlar atıb:
"Məlum olduğu kimi, Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı və ticarət dövriyyəsi üçün etibarlı nəqliyyat sisteminin olması çox vacibdir. Azərbaycanın zamanında irəli sürdüyü təşəbbüslər nəticəsində pandemiya şəraitində belə türkdilli ölkələrin nəqliyyat daşımalarında heç bir problem yaşanmayıb. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi olaraq əlavə həcmdə yüklərin daşınması ücün lazımi tədbirlər görüb. Pandemiyanın mənfi təsirinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan vasitəsilə türkdilli ölkələrdən daşınan yüklərin həcmində ötən illə müqayisədə 40 min ton artım müşahidə olunub. Belə ki, bu dövrdə ümumi yük daşımalarının həcmi 180 min tona bərabər olub.
Pandemiya ilə mübarizənin dövlətlər üçün müxtəlif təhlükələrə dayanıqlılıq testi olduğunu desək, yəqin ki, yanılmarıq. Öz təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq həmrəylik nümayiş etdirən Azərbaycan dövləti etibarlı tərəfdaş və nüfuzlu beynəlxalq aktor statusunu növbəti dəfə doğrultdu".