Bakı. Trend:
Bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə giriş nitqində bildirib.
Dövlət başçısı deyib:
"Bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.
O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır".