...

Kamaləddin Qafarov: Sosial paket insanların maddi rifahını xeyli yüksəldəcək

Siyasət Materials 18 Aprel 2020 13:28 (UTC +04:00)
Kamaləddin Qafarov:  Sosial paket insanların maddi rifahını xeyli yüksəldəcək

Bakı. Trend:

Son dövrdə Azərbaycan Prezidentinin rəhbərliyi altında koronavirus pandemiyasının cəmiyyət üzvlərinə təsirlərinə qarşı preventiv sosial tədbirlər paketi gündən-günə genişlənir. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədən sonra vətəndaşlarımızın sosial müdafiəsi ilə bağlı tədbirlərin ön plana çəkilməsi dövlət strukturlarının xüsusi diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bu sözləri dövlətin son dövrdə həyata keçirdiyi sosial addımları şərh edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafəsi və İqtisadiyyat nazirləri ilə videobağlantı formatında keçirilən iclasda dövlətimizin başçısı yenidən bu məsələyə qayıdaraq demişdir - "Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır”.

K.Qafarov qeyd edib ki, bu sosial addımlar aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Sözügedən istiqamətdə bəzi proqramların icrası və genişləndirilməsi həyata keçirilir. Koronavirus karantini dövründə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət Azərbaycanda daxili siyasətin əsas hədəfinin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi olduğunu bir daha təsdiqləyir.

Millət vəkili deyib ki, ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəminin 25-30 minə çatdırılması nəzərdə tutulur. İşlərin belə sürətli gedişi vəsaitlərin bu ayın sonu-mayın əvvəlində 600 min insana tam olaraq çatdırılacağına inam yaradır.

K.Qafarovuin fikrincə, insanlara bu çətin günlərdə sosial dəstək siyasəti ölkənin iqtisadi qüdrətinin imkanları sayəsində mümkün olmuşdur. Bu addımların gələcəkdə də davam etməsi ölkənin daxili resurslarının səfərbər edilməsi hesabına reallaşacaqdır. Dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnozlaşdırılmış, faktik nəticə isə 2 milyard 63 milyon manat çox olmuşdur. Başqa sözlə deyilsə, birinci rübdə gəlirlər 7 milyard 811 milyon manat təşkil etmişdir. Xərclər isə 5 milyard 255 milyon manat məbləğində və ya 100,8 faiz icra olunmuşdur. Dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaramışdır.

Millət vəkili əlavə edib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə "İnam indeksi"nin öyrənilməsi ilə bağlı 1212 nəfər arasında keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib. Bu sorğuda respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir.

K.Qafarov sonda bildirib ki, göründüyü kimi, xalqımızın Prezidentə inamı çox böyükdür və bu birlik, bu qarşılıqlı dəstək bizə-cəmiyyətin bütün sosial təbəqələrinə pandemiyadan layiqincə çıxmağa sonsuz stimul verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti