Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı mümkün qədər tez danışıqlar aparmağa çağırır.
Trend bu barədə həmsədrlərin bəyanatına istinadən məlumat verir.
"Ermənistan və Azərbaycanın Müdafiə nazirliklərinin və digər mənbələrin bildirdiyinə görə, 12-13 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması baş verib, nəticədə itki verilib. Məlumata görə, hər iki qüvvə tərəfindən müxtəlif kalibrli artilleriyalardan istifadə edilib" - deyə, bəyanatda bildirilir.
Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ölən və yaralananların ailələrinə başsağlığı verir.
Sənəddə deyilir ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ermənistanın və Azərbaycanın rəsmi şəxsləri ilə birbaşa təmasda olublar:
"Tərəflər bir-birilərini hərbi əməliyyatların başlanmasında günahlandırdılar. Minsk Qrupu həmsədrləri son atəşkəs pozuntularını pisləyir və tərəfləri hər hansı bir artımın qarşısını almaq üçün, o cümlədən aralarındakı birbaşa rabitə kanallarından istifadə etməklə bütün zəruri tədbirləri görməyə çağırırlar".
Həmçinin, Minsk Qrupunun həmsədrləri tərəfləri mümkün qədər tez danışıqlar aparmağa çağırır və şərait imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini vurğulayırlar.
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutdular. Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki ilə geri qaytarıldı.