...

Türkiyə Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınayıb və hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib - Əhliman Əmiraslanov

Siyasət Materials 15 İyul 2020 18:52 (UTC +04:00)
Türkiyə Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınayıb və hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib - Əhliman Əmiraslanov

Bakı. Trend:

Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar olaraq Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn görüş keçirib.

Trend-in məlumatına görə, onlayn görüşdə Əhliman Əmiraslanov bildirib ki, 2020-ci iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır:

"İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan - Ermənistan sərhəddinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam etmişdir. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmişdir. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkilmişdir. Ağır döyüşlər zamanı ordumuzda da itkilər olmuşdur. Allah hərbçilərimizə rəhmət eləsin! Şəhidlərin qanı yerdə qalmayacaq! Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özünün Azərbaycandan zəif olduğunu dərk edir. Azərbaycan XİN-i və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinə, BMT-yə, Avropa Birliyinə, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlara Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlandırsa da, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar. Qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir”.

Onlayn görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və üzvlər - Orhan Erdem, İbrahim Aydemir, Yunus Kılıç, Tulay Kaynarca, Uğur Bayraktutan, Yaşar Tuzun, Aylın Cesur çıxış edərək şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyərək Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və hər zaman Azərbaycanın haqq səsini dəstəklədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti