...

Deputat: Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq öz missiyasını uğurla yerinə yetirir

Siyasət Materials 7 Sentyabr 2020 14:08 (UTC +04:00)
Deputat: Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq öz missiyasını uğurla yerinə yetirir

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 6-da Qoşulmama Hərəkatının yaranma günüdür. İdeoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edən Hərəkat 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilib.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, “Soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multulateralizmi müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib.

S.Hüseynova qeyd edib ki, Qoşulmama Hərəkatının BMT-dən sonra tərkibində ən çox dövləti birləşdirən (120 ölkə) bir siyasi təsisat olması faktı özü-özlüyündə çox şey deməkdir:

“2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Şübhəsiz ki, bu qərar 119 ölkənin Azərbaycana olan hörmətinin və inamının göstəricisi idi.

2019-cu il oktyabrın 25-26-da Hərəkatın dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi.

Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirildi və bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. Azərbaycan bu təşəbbüslə çıxış edib, problemi qlobal səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu”.

Deputat vurğulayıb ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan bu təşkilatın sədri olaraq öz missiyasını uğurla yerinə yetirir”.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir: “Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıb.

Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti