Bakı. Elçin Mehdiyev - Trend:
8 sentyabr 2020-ci il tarixində Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda iştirak edən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev öz çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini qeyd edərək, cari ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib.
Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunan T.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.
T.Gəncəliyev, həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib. Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu və beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edən millət vəkili münaqişə ilə bağlı BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.