...

Deputat: Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Siyasət Materials 27 Sentyabr 2020 13:11 (UTC +04:00)
Deputat: Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Deputat: Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda cəbhə xəttində baş verən gərginliyə və təxribatlara görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanın son aylar təxribatı intensiv xarakter alıb:

“Düşmən gah Tovuzda təxribatlar törədir, gah Qarabağda seçkilər keçirir, gah da dünyanın müxtəlif yerlərindən erməniləri Qarabağa köçürərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Eyni zamanda evləri, mülki vətəndaşları atəşə tutur.

İşğal altındakı bütün dini abidələrimizi dağıdır, kənd və rayonların adlarını dəyişdirirlər. Bu yaxınlarda isə qondarma rejimin Şuşaya keçirilməsi barədə qərar qəbul etdilər. Ermənistan baş naziri "Qarabağ Ermənistandır" deyərək Azərbaycana meydan oxumağa davam etdi. Bu açıq-aydın təxribat əməli idi. Bu təxribatlar cavabını almalı idi. Azərbaycan bunu cavabsız qoymamalı idi.

Beynəlxalq təşkilatların işğala adekvat reaksiya verməməsi, işğala göz yumması Ermənistanın təxribatlara davam etməsinə şərait yaradırdı. Ermənistan bütün beynəlxalq təşkilatlara meydan oxuyur, aşkar şəkildə beynəlxalq hüququn normalarını pozur. Azərbaycan isə beynəlxalq hüququn normalarına tam əməl edir, münaqişənin sülh yolu ilə həllinə çalışdı”.

C.Məmmədov vurğulayıb ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu:

“Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Nəticədə Azərbaycan ordusu əks-hücuma keçdi, düşmənin cavabını layiqincə verdi. Ermənsitan bu hadisələrdən ciddi nəticə çıxarmalıdır. Çıxarmasa, daha ciddi itkilərə məruz qalacaq.

Bu gün cəbhədə baş verən bütün hadisələrə görə erməni tərəfi məsuliyyət daşıyır. Azərbaycan dəfələrlə qeyd etdiyi kimi işğalla heç zaman barışmayacaq. Bütün torpaqları işğaldan azad edəcəkdir. Qələbə yaxındadır. Azərbaycan xalqının döyüş əzmi yüksəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti