Bakı. Samir Əli - Trend:
Azərbaycan əhalisi ayıq-sayıq və maksimum diqqətli olmalıdır.
Bunu Trend-ə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan daim təxribat törətməklə məşğuldur: "Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca yenidən təxribatlar törətməyə başladılar . Azərbaycan Silahlı Qüvvələri isə düşmənə cavab olaraq əks-həmlə hücumuna keçdi və nəticədə işğalda olan ərazilərimizi azad etməyə başladı. Hazırda cəbhədə erməni təxribatlarına qarşı adekvat cavablar verilir, Ermənistan Silahlı Qüvvələri böyük itkilər verərək geri çəkilməkdədir. Ordumuz düşməni depressiya vəziyyətinə salıb. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan Silahlı Qüvvələri indi artıq mülki əhalini hədəf seçib. Onlar həmişə olduğu kimi, bu dəfə də təxtibatlara əl ataraq yaşayış məntəqələrimizi ağır artilleriyalardan atəşə tutur, mülki şəxslərə qarşı hücuma keçir. Erməni Silahlı Qüvvələrinin kəndlərimizi atəşə tutması nəticəsində mülki şəxslərdən 19 nəfər həlak olub, 63 nəfər dinc vətəndaşımız isə ağır yaralanıb, mülki ev və obyektlər yararsız vəziyyətə düşüb. Düşmən bu vəziyyətdə qisas almaq üçün istənilən təxribatları törətməyə cəhd edir".
A. Qarayev bildirib ki, Azərbaycan əhalisi belə vəziyyətlərdə tam diqqətli olmalı, şübhəli şəxslər barədə aidiyyəti qurumlara məlumat verməlidir: "Xüsusən cəbhə bölgəsində yaşayan vətəndaşlarımız diqqətli olmalıdırlar. Ərazidə rastlaşdıqları şübhəli şəxs və əşya gördükdə bu barədə ölkənin aidiyyəti təhlükəsizlik qurumlarına məlumat verməlidirlər. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda həm cəbhə xəttində, həm də digər ərazilərimizdə fasiləsiz xidmətdədirlər. Onlar düşmənin orduya, dövlətə və əhaliyə yönələn fəaliyyətinin qarşısını alır, təxribat cəhdlərini dəf edirlər. Əhali belə bir hallarla rastlaşarsa, dərhal onlara bu barədə məlumat verməli, təhlükənin qarşısı vaxtında alınmalıdır. Ordunun, dövlətin və əhalinin təhlükəsizliyi hamımız üçün vacibdir. Xüsusən başqa ölkə ərazisindən Azərbaycana keçən şəxslər diqqətdə saxlanılmalı, strateji obyektlərə nəzarət daha da gücləndirilməlidir. Çünki xarici ölkələrdə yaşayan xeyli ermənipərəst qüvvələr var və onlar Azərbaycanda təxribat törətməyə cəhd edə bilərlər".
A.Qarayev həmçinin torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə Azərbaycan Ordusunu və Azərbaycan xalqını təbrik edib: "Artıq dünən işğal olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalandı, rəşadətli ordumuz Suqovuşanı tam olaraq işğaldan təmizlədi. Mən Dövlət Təhlükəsizlik Xidmətinin veteranları, döyüşçüləri adından Azərbaycan xalqını təbrik edirəm. Uzun illərdən sonra bu günü görmək bizə də qismət oldu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman ovladlarının gücü ilə işğalda olan digər ərazilərimizdə də Azərbaycan bayrağı çox yaxın günlərdə dalğalanacaq".