...

Deputat: Ermənistan Cenevrə Konvensiyasını vəhşicəsinə pozur

Siyasət Materials 6 Oktyabr 2020 19:39 (UTC +04:00)
Deputat: Ermənistan Cenevrə Konvensiyasını vəhşicəsinə pozur

Bakı. Trend:

Bu ərəfədə Amerikadakı erməni lobbisi tərəfindən belə bir məlumat yayıldı ki, cinsi azlıqların hüquqlarının müdafiəsi uğrunda “mübarizə” aparan Ceki Speyer yenə də Konqresin ermənipərəst fraksiyasına qoşulub. Bu dəfə konqresmen Ceki Speyer öz “çoxrəngli corabı” ilə cinsi azlığa meylini nümayiş etdirən Nikol Paşinyanın müdafiəsinə qalxıb. Bu konqresmen erməni dostları ilə birlikdə yalan və böhtan əsasında Azərbaycana və Türkiyəyə qarşı ürəkbulandıran 1165 saylı qətnamə layihəsi hazırlayıb. Qətnamə layihəsi 4 bənddən ibarətdir və bu böhtandan ibarət bəndələri əsaslandırmaq üçün qeyd edirlər ki, Stepanakert atəşə tutulur, 84 erməni əsgəri ölüb, Ermənistan iddia edir ki, F-16 təyyarəsi guya onların Su-25 təyyarəsini vurub, guya Suriyadan muzdlular gəlib. Bütün bu güyaların əsasında tələb edirlər ki, Azərbaycanın atəşkəsi pozması, Türkiyənin münaqişədə “iştirakı”(?) pislənilsin, atəşkəs elan edilsin, Minsk Qrupunun təmas xətti boyunca müstəqil üçüncü tərəf monitorinqini qəbul etməsi barədə Azərbaycandan razılıq əldə etmək səyi dəstəklənsin.

Əvvəla qeyd etməliyik ki, göründüyü kimi heç bir fakta əsaslanmayan və erməni riyakarlığını əks etdirən bu layihə qeyri-obyektivdir. Əslində, konqresmenlər belə utancverici mövqe nümayiş etdirməklə Ermənistanın azərbaycanlılara qarşı növbəti soyqırımı planına yaşıl işıq yandırmış olurlar. Amerika Konqresmeni Ceki Speyer və onun həmkarları erməni dostlarına məhəbbət bəsləyə bilərlər, onlarla istədikləri yerdə və formada istirahət də edə bilərlər. Amma əxlaq normalarını yaddan çıxarsalar da, heç olmasa demokrat görüntüsü yaratmaq naminə bir az ədalətli olsunlar. Amerikanın 30 yaxın ştatının da tanıdığı Ermənistanın azərbaycanlılara qarşı törədiyi Xocalı soyqrımını, etnik təmizləməni, Azərbaycanın işğal edilmiş 20 % ərazisindən 700000 məcburi köçkünü və onların insan haqlarını yada salsınlar. Bəlkə belə olan halda sabah deyə bilərlər ki, qırğına məruz qalməş günahsız azərbaycanlılar qarşısında vicdanları təmizdir.

Onlar bilməlidirlər ki, 27 sentyabrda Ermənistan hərbi mövqelərimizə və mülki vətəndaşlarımıza hərbi hücum etdi, mülki vətəndaşlarımız bundan əziyyət çəkdi. Mülki insanlar arasında qurbanlarımız var. Dünənə qədər Ermənistanın raket zərbələri nəticəsində 27 mülki şəxsin öldüyü və 141 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Təəssüf ki, bu gün də onlarla yaralı və qətlə yetirilmiş insan var. Ermənistan Cenevrə Konvensiyasını vəhşicəsinə pozur, nəinki ağır toplardan istifadə edərək şəhərlərimizi və kəndlərimizi bombalayır, həm də Livandan, Suriyadan və başqa yerlərdən işğal olunmuş ərazilərə terrorçuların köçürülməsini təşkil edir.

Biz 1992-ci ildən bəri danışıqlar prosesindəyik. Bu 30 ilə yaxın bir müddətdə danışıqlar masasında irəliləyiş yoxdur. Ermənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ərazilərimizdən tam, dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrini həyata keçirmək istəmir. Əksinə, hərbi siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə çalışır. Bununla bağlı Ermənistanın keçmiş Prezidenti cinayətkar Serj Sarkisyan Avropa Şurası Parlament Assableyasında çıxış edərkən dedi ki, “elə etməyin Kürə qədər olan əraziləri də tutaq, sonra şikayət etməyəsiniz”. Bu həyasız bəyanat yeni işğal planından xəbər verirdi. Amma Avropa buna göz yumdu, kar oldu. Bu isə işğalçı tərəfindən dəstək kimi qəbul edildi və daha da azğınlaşdı.

Bu illər ərzində Azərbaycan substantiv danışıqların aparılmasını tələb edirdi. Minsk Qrupu həmsədrləri və onların Faktaraşdırıcı missiyasının 2010-cu ildəki hesabatında status-kvonun qəbuledilməz olduğu qeyd edilir. Bütün bunlara məhəl qoymayan işğalçı Ermənistana qarşı hansı sanksiya tətbiq edilib? Bu nə qədər davam etməli idi?

Amerikalı konqresmenlərə Damyan Krneviç Mişkoviçin “The National İnterest” qəzetinin 5 oktyabr 2020-ci il tarixli sayında dərc edilmiş məqaləsini diqqətlə və rəngsiz oxumağı tövsiyə edərdim. Müəllif haqlı olaraq yazır ki, Ermənistan 1988-ci ildən başlayaraq dünya ictimaiyyətinə yalan dolu informasiya yayaraq Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etmişdir. İşğal etdiyi ərazilərdə etnik təmizləmə aparmışdır. Soyqırımı cinayəti törətmişdir. Ona görə də bu işğalın xalqların öz müqəddəratını təyin etmək hüququna qətiyyən aidiyyəti yoxdur. Ermənistan qoşunları işğal etdiyi bütün Azərbaycan ərazilərindən BMT TŞ-nin 1993-cü qətnamələrinə uyğun olaraq qeyd-şərtsiz çıxarılmalıdır.
Həmsədrlər bu həqiqəti və bilavasitə onların mandatı olan məsələni həll etmək əvəzinə yeni “təkliflər” hazırlamaqla məşğul olmuş və nəticədə Paşinyan başından da yekə qələt edərək “Qarabağ Ermənistandır.”, - demişdi. Bununla da Nikol Paşinyan Minsk Qrupuna da, BMT TŞ-nin qətnamələrinə də, bütövlükdə beynəlxalq hüquqa da tüpürmüş oldu. Axı, bu, danışıqları tamamilə və tərbiyəsizcəsinə pozmaq idi. Minck Qrupu həmsədrləri buna reaksiya verdilərmi? Əlbəttə, yox. Gözlədilər ki, Azərbaycan buna nə cavab verəcək. Bəlkə də hesab edirdilər ki, Azərbaycan “sülh danışıqlarından” yorulub bu işğalla barışacaq. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Valday Beynəlxalq forumunda xalqının iradəsini və haqqını ifadə edərək onlara qəti cavab verdi: “Qarabağ Azərbaycandır!” Ədalət naminə qeyd etməliyik ki, İlham Əliyevin çıxışını böyük maraq və diqqətlə dinləyən Rusiya Prezidenti Vladimir Putin onun bu fikrinə obyektiv yanaşdı. Haqlı mövqeni dəstəkləmiş oldu.

Təəssüflər olsun ki, bundan Ermənistanda heç kim nəticə çıxarmadı. Ermənistanın faşist Qaragen Njde ruhlu hərbi-siyasi rəhbərliyi daha da azğınlaşdı. Onlar Azərbaycan-Ermənistan dövlət sərhəddini top atəşinə tutaraq mülki insanları və hərbiçilərimiz qətlə yetirdilər. Azərbaycan Ordusu onların başını elə oradaca əzdi. Ermənistan dərhal Minsk Qrupuna, KTMT-yə müraciət etdi. Atəşkəsdən sonra danışıqlara başlayacağını vəd etdi. Atəşkəs oldu. Bəs danışıqlar, sülh? Atəşkəsdən sonra 700000 mindən çox məcburi köçkünün öz torpağında yaşamaq hüququ yaddan çıxdı. Amma yenə də Mnsk Qrupu həmsədrlərini yenə də aldatdı, yeni hərbi təxribatlara əl atdı. Və küçə gədəsi olan və faşist babası ilə fəxr edən Paşinyan başına separatistləri, daşnakları. ASALA terrorçularını yığaraq Şuşanın Cıdır düzündə “rəqs” edərək, o müqəddəs torpağı mundarlamağa cəhd etdilər. Bu cinayətkar xunta rejiminin bir sonu olmalıydı, indi olur da.

Azərbaycanın ikinci böyük şəhəri Gəncə, Mingəçevir şəhəri və ən böyük su anbarı, paytaxt Bakının ətraf bölgələri Ermənistan ərazisindən raket atəşinə tutulur. Ölən və yaralananlar var. Erməni faşizminin banilərindən olan Njdeyə Yerevanda ucaldılmış heykəl qarşısında and içən işğalçılar azərbaycanlılara qarşı genişmiqyaslı soyqrımı planlarını gerçələşdirməyə başlayıblar.
Biz BMT Nizamnaməsinə, BMT TŞ-nin qətnamələrinə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Özümüzü qorumalıyıq, xalqımızı müdafiə etməliyik və Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınan beynəlxalq səviyyədə tanınmış ərazisini bərpa etməliyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə dediyi kimi son günlər də bütün bəyanatlarında bildirmişdir ki, Ermənistan 30 ilə yaxındır qanunsuz olaraq nəzarətdə saxladıqları işğal olunmuş əraziləri azad etməyə başlayacaqlarsa, bununla razılaşacaqsa, müharibə dayanacaq. Erməni millətindən olan və Dağlıq Qarabağ bölgəsində yaşayan Azərbaycan vətəndaşları yenə də öz evlərində yaşayacaqlar və Azərbaycan vətəndaşı kimi bütün hüquqlara malik olacaqlar. Müharibəyə ehtiyacımız yoxdur. Prezident İlham Əliyevin müharibəni dərhal dayandırmağa yönəlikli bu sülh çağırışına Ermənistan Gəncəni, Mİngəçeviri, Tərtəri, Bərdəni, Ağcabədini, Beyləqanı raket və toplardan atəşə tutdu. Həm də Ermənistan ərazisindəki hərbi bazalarından. Ermənistandakı separatçılar və Erevan isə bəyan etdi ki, biz sülh tələb etməyəcəyik.

Bütün bunlar həm də ona görə baş verir ki, Minsk Qrupu həmsədrləri cəmi bir dəfə Ağdamdan keçərək Xankəndinə gedib-gəldilər və oradan Ağdam məscidinin dağıdılmış minarəsindən bir kiçik parçanı gətirdilər. Yerlə yeksan edilmiş Ağdamı və onun kəndlərini gördülər. Amma dünyaya bu barbarlığı çatdırmadılar. Xalqlar arasında etimaddan, sülhə hazırlıqdan danışdılar, bunu bizdən tələb etdilər, amma Ağdamdan, Fizulidən Xankəndinə səfər edərək sülh çığrı açmadılar. Bütün səfərləri Yerevandan edərək ermənilərdə azərbaycanlılara qarşı nifrəti, kini daha da gücləndirdilər. Sülhə, barışa öz davranışları ilə nümunə olmadılar. Bu gün bunun nəticəsində yenə də Azərbaycan torpaqlarında günahsız azərbaycanlıların qanı axıdılır. Cənab Makron, bəs deyilmi sizə 30 ildi tökülən azərbaycanlı qanı? Yoxsa siz də Ermənistan Müdafiə Nazirliyinin Qərargah rəisi Onik Qasparyanın “mən sizi silaha sarılaraq sonsuz nifrət bəslədiyimiz, köçəri və nəsli bilinməyən mağara tayfasını sona qədər məhv etməyə çağırıram” çağırışına qoşulmusunuz? Bəs bu bəyanat veriləndə, azərbaycanlılara qarşı qırğına çağırış ediləndə niyə susdunuz? Cavab verin, cənablar! Siz bunun üstündən sükutla keçə bilərsiniz, əxlaqınız yol verirsə, amma Azərbaycan xalqı bununla barışmayacaq. Çünki qürurludur. Və Ermənistanın azərbaycan xalqına qarşı başladığı bu soyqırımından onu şanlı Azərbaycan Ordusu xilas edəcək!

Nəsli, kökü bəlli olmayan şərəfsiz qasparyanlara, paşinyanlara, koçaryanlara, sarkisyalara, bu qafada olan yanlara isə cavabımız budur: Ey barbarlar, qatillər sizin zatınız bəlli deyil. Siz qatilsiniz və tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəksiniz!
Bizim işimiz haqq işidir! Qarabağ bizimdir və biz ora qayıdırıq! 700000 məcburi köçkün öz evinə qayıdır! Onu daha heç bir şər qüvvə dayandıra bilməz!

Bəxtiyar Əliyev,
Ağdam şəhər seçki dairəsindən Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti