...

Deputat: Ermənistanın Gəncəni atəşə tutması azərbaycanlılara qarşı soyqrımıdır (FOTO)

Siyasət Materials 11 Oktyabr 2020 10:13 (UTC +04:00)
Deputat: Ermənistanın Gəncəni atəşə tutması azərbaycanlılara qarşı soyqrımıdır (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın faşist rəhbərliyinin birbaşa əmri ilə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə şəhərində çoxmənzilli yaşayış binasına gecəyarısı raket zərbəsi endirərək yatdıqları yerdə 5 mülki şəxsi qətlə yetirməsi, onlarla mülki şəxsin ağır yaralanması hərbi cinayətdir. Bu, azərbaycanlılara qarşı soyqrımıdır! Bu, Xocalının davamıdır!.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, dərhal cinayət işi başlanımalı və cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əməli tədbirlər görülməlidir:

“Ermənistanın azərbaycanlılara qarşı növbəti genosid planının həyata keçirilməsinin qarşısı dərhal alınmalıdır. İşğalçı Ermənistana dəstək olan, “sən öz ərazindən Azərbaycanı vur və əgər o, sənə cavab versə biz də onu vuracağıq” deyənlər də bu cinayətə görə ən azından mənəvi məsuliyyət daşıyırlar.

İşğalçı Ermənistan atəşkəs əvəzinə, sülh əvəzinə bizim dinc əhalimizi ballistik raketlə öldürür. Bu raketləri onlara kimlər və nə məqsədlə verirlər? Niyə, vur, deyirlər? Cavab versinlər!

Minsk Qrupunun 26 illik fəaliyyəti dövründə Ermənistan ən müasir hücum silahları ilə silahlandırılıb. Onların bir hissəsi Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilib. Budurmu onların sülh missiyası? Bəyəm, işğalçını silahlandırmaqlamı onları sül danışıqlarına, birgəyaşayışa hazırlayıblar? Görünən bunun tam əksidir. Ermənistan azərbaycanlıları nə qədər mümkündür məhv etməyə hazırlaşıb”.

B.Əliyev qeyd edib ki, Ermənistanın işğalçı ordusu və muzdlular, terrorçular Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı bütün rayonların şəhərlərini, qəsəbələrini, yüzlərlə kəndini yer üzündən siliblər:

“Parkları, bağları da məhv ediblər. Səhraya çeviriblər. Amma Minsk Qrupu həmsədrləri bunu dilə gətirmirlər, 800000 insanın öz doğma torpağından qovulmasından, onların tam pozulmuş hüquqlarından danışmırlar.

Ermənistan gecə-gündüz Azərbaycana və azərbaycanlılara qarşı nifrət kampaniyası aparır, düşmən obrazı formalaşdırır. Bu işdə həmsədr ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları, onlarla əlbir olan mütəşəkkil cinayətkar qruplar və qatı millətçilər həmin ölkələrin televiziyalarında, KİV-lərində AZərbaycana qarşı həyasızcasına qarayaxma kampaniyası aparırlar. Amma həmin ölkələrin müvafiq qrumları bir dəfə də olsun deməyiblər ki, millərarası nifrətlə bağlı çağırışlar etmək olmaz. Bundan ruhlanaraq, bəlli televiziyalar, KİV-lər sanki yarışa giriblər. Kİm daha çox yalan danışacaq, kim daha çox öşğala və soyqrımına məruz qalmış azərbaycan xalqını təhqir edəcək. Bu, cinayətdir. Bu cinayətə rəvac verənlər də, göz yumanlar da cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan xalqının iradəsi ortadadır. Xalqın tələbədir ki, rəşadətli Azərbaycan ordusu öz xalqına qarşı Ermənistan tərəfindən törədilən soyqrımının qarşısını alsın. İgid Azərbaycan əsgəri, qurtar xalqı bu qırğından, təmizlə ata yurdunu mənfur düşməndən! Sənin işin haqq işidir! Ədalət zəfər çalacaqdır!

Azərbaycan xalqının iradəsini, əzmini heç bir qüvvə sındıra bilməz! Qarabağ Azərbaycandır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti