...

10 noyabr razılaşması Azərbaycanın tarixi qələbəsidir - Deputat

Siyasət Materials 12 Noyabr 2020 12:49 (UTC +04:00)
10 noyabr razılaşması Azərbaycanın tarixi qələbəsidir  - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 10 noyabr tarixli bəyanat tarixi bir sənəddir və Azərbaycanın milli maraqlarımıza tam cavab verir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu bəyanatın ən birinci böyük əhəmiyyəti ondan ibarətdir ki, 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunur:

“Əlbəttə ki, Azərbaycanın tam qələbəsini özündə ehtiva edən bu bəyanata Azərbaycan Prezidenti, Ali Baş Komnandan İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi, xalqımızın birliyi və müzəfər ordumuzun şücaəti nəticəsində nail olunub.

Döyüşlər başlayan ilk vaxtlarda Ermənistan kimlərəsə ümid edirdi, düşünürdü ki, Azərbaycana beynəlxalq təzyiqlər olacaq və bizi dayanmağa məcbur edəcəklər. Lakin cənab Prezident İlham Əliyev bütün beynəlxalq təzyiqlərə sinə gəldi, bunun Azərbaycanın haqq işi olduğunu bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər döyüşlər dayanmayacaq. Bununla belə dövlət başçısı Ermənistana bir şans verdi, torpaqlarımızdan öz xoşları ilə çıxacaqları halda döyüşlərin dayanacağını bildirdi. Lakin Ermənistan yenə də öz işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi və bunun da acı sonluğu ilə barışmağa məcdur edildi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu”.

Deputat qeyd edib ki, bu razılaşmanın digər mühüm əhəmiyyəti isə odur ki, işğalçı qüvvələr torpaqlarımızdan tamamilə çıxarılır: “Ermənistan bu razılaşmanı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu. Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan sülhə hazırdır və Ermənistan işğal olunmuş torpaqlardan çıxmaqla bağlı konkret cədvəl təqdim edərsə, Azərbaycan döyüşləri dayandıra bilər. İmzalanan bu sənəddə artıq belə bir qrafik təqdim olunub. Belə ki, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçından işğalçı qüvvələr çıxarılır. Bununla da içğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyulur”.

A.Hüseynov vurğulayıb ki, sənəddə digər vacib məqamlardan biri odur ki, Dağlıq Qarabağa hər hansı bir status verilməsindən söhbət getmir: “Əgər əvəllər Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa, bu gün ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar vəziyyəti dəyişib, Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir ki, bunun da böyük siyasi əhəmiyyəti var”.

Deputat qeyd edib ki, həmçinin razılaşmanın mühüm əhəmiyyətindən biri də odur ki, Naxçıvanın blokadasına son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılmasıdır: “Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır ki, bunun da eyni zamanda iqtisadi baxmdan böyük əhəmiyyəti var. Bu onu deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa çatdırması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması tarixi hadisə ilə yanaşı, əhəmiyyətli iqtisadi zəfər kimi də mühüm əhəmiyyət kəsb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti