...

Nəinki Azərbaycanın, dünyanın mədəniyyət paytaxtı olmağa layiq olan ŞUŞA

Siyasət Materials 6 Yanvar 2021 08:10 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Elgün Mənsimov - Trend:

Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi mənim üçün bir dünya oldu, çox sevindim. Sanki, Prezidentimiz canım Şuşamın dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan etmiş oldu.

Bunu Trend-ə açıqlamasında əslən Şuşadan olan Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova dedi. O bildirdi ki, Şuşa nəinki Azərbaycanın, bütün dünyanın mədəniyyət mərkəzi olmağa layiqdir:

“Doğrudan da biz gözümüzü açandan dahilərin, dünyanın hər yerindən gələn turistlərin, tarixi abidələrin, çoxsaylı mədəniyyət mərkləzlərinin içərisində böyümüşük. Nəhayət, haqq yerini tapdı. Doğulduğum, böyüdüyüm şəhər artıq azaddır. Onsuz da bu dəqiqə Şuşa dünyanın diqqət mərkəzindədir. Şuşa hər zaman mənim üçün müqəddəs bir yer olub. Doğma torpağımdan əlavə, bu şəhər dağın başında, Allaha yaxın bir məqamda yerləşir. İnanın, sevincimin həddi-hüdudu yoxdur. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi məni Şuşanın işğaldan azad olunan gün sevindiyim qədər sevindirdi...”.

Şuşanın əvvəlki siması özünə qayıdacaq

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Bildirdi ki, Şuşa şəhəri buna layiqdir: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Beləliklə, bu qısa nitqlə dövlət başçısı qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi təqdim etmiş oldu.

Şuşa nə üçün bu qədər önəmlidir?

Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir. Çünki Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir.

Məsələn, Azərbaycan ədəbiyyatında satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy Zakir (1784-1857) Şuşada doğulub. Şuşanın yetişdirdiyi istedadlardan biri də Xurşidbanu Natəvan (1830-1897) olub. İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə, həm də rəssam idi. XIX əsrin qabaqcıl şəxslərindən olan Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş və riyaziyyatçı idi.

Şuşanın yetişdirdiyi məşhur sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur (1854-1926). Ədib milli dramaturgiyamızda tragediya janrının banisi, istedadlı publisist idi. Şuşa şəhərində mədəniyyətin, xüsusilə incəsənətin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) də böyük xidmətləri olub. M.F.Axundovun, N.Vəzirovun ənənələrini davam etdirən Ə.Haqverdiyev mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli alim kimi iz qoyub. Şuşada doğulan və ədəbiyyatımıza böyük töhfələr verən ədiblərdən biri də görkəmli yazıçı, tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943).

Tanınmış ədəbiyyatşünas Firudin bəy Əhmədağa oğlu Köçərli (1863-1920) də Şuşada anadan olub. Uzun illər Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı" adlı irihəcmli əsərini yazmışdır. Həmçinin, XX əsrin əvvəllərində görkəmli jurnalist və yazıçı kimi məşhur olan Haşım bəy Vəzirov (1868-1916) Şuşada doğulub. O, 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərib. Bundan başqa, Şuşanın tarixində Gövhər Ağa, Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə və Leyla xanım kimi məşhur qadınlar olub. Onlarla bir sırada Həmidə xanımın da adı hörmətlə çəkilir. Həmidə xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin qızı, böyük ədib Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır. "Mirzə Cəlil haqqında xatirələrim" adlı qiymətli əsərin müəllifidir.

Azərbaycanın maarif xadimlərindən biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyov (1875-1932) Şuşada anadan olub. Respublikanın xalq artistləri Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli onun oğlu, Fərhad Bədəlbəyli nəvəsidir. Şuşanın yetişdirdiyi şəxsiyyətlərdən biri Əhməd bəy Ağaoğlu (1869-1939) ömrünün 50 ilini publisistika və jurnalistika ilə məşğul olub.

Qarabağdakı milli irsimiz

Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa qalası və bir vaxtlar öz möhtəşəmliyi ilə seçilən Yuxarı Gövhər ağa məscidi burada yerləşir.

File:Shushi castle.JPG - Wikimedia Commons Yuxarı Gövhər ağa məscidi — VikipediyaMəşhur Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən tarixi qala divarlarıdır. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü Qala körpüsü kimi tanınır.

XVIII əsr Azərbaycanının musiqi mərkəzi

Şuşa Azərbaycanın musiqi beşiyidir | Sevincli Dünya

Şuşanın mədəni sərvətləri bunlarla yekunlaşmır. XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.

Nəhayət, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli (1885-1948) Şuşanın dünya şöhrətli yetirmələrindəndir. O, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qazanıb.

Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.

Şuşa eyni zamanda Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada - "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaqqala"da keçirmişlər.

Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firudin Şuşinski də Şuşada doğulub. Şuşanın yetişdirdiyi nadir istedadlardan biri də görkəmli incəsənət xadimi Mehdi Məmmədovdur (1918-1985). O, milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.

Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinskaya da 1914-cü ildə Şuşada anadan olub. Barat xanım İbrahim xanın nəslindəndir.

Şuşa görkəmli memarların, xəttatların, nəqqaşların, istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Azərbaycan milli xalça sənətinin inkişafında, dünyaya tanıdılmasında şuşalı sənətkar Lətif Kərimovun müstəsna xidmətləri olub...

Şuşanın mədəniyyət paytaxtı olmasından danışırıqsa, Qarabağ muğam məktəbini də xüsusi vurğulamalıyıq.

DataLife Engine > PRINT >

Bilirsiniz ki, Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var. Muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini yaratmış muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır.

Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstərmişlər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.

Mədəniyyət beşiyi olan bu şəhərin abu-havası məşhur yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində də öz əksini tapmışdır. Kitabda bu yerlərin gözəlliyindən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Qarabağ xanlığından, o dövrün tanınmış şairəsi Natəvandan və s. bəhs edilir.

Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Lakin bu şəhər təkcə musiqiçiləri ilə şöhrət qazanmamışdır. Əsrarəngiz təbiət amili, saf, dupduru bulaqlar bu yerlərin şöhrətini daha da artırırdı. Bu diyarın ən məşhur bulağı olan İsa bulağını isə çoxları Şuşanın rəmzi hesab edirlər.

Tarixə nəzər salsaq, görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

Abidələr şəhəri

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilib.

Əziz Şuşa, sən azadsan!

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində dedi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

Virtual Qarabağ - Prezident İlham Əliyev: Şuşa işğaldan azad olunub

Beləliklə, mədəniyyət paytaxtımız olan Şuşa ilə bağlı qısa qeydlərimizdən də tam aydın olur ki, Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın mədəniyyət paytaxtı olmağı haqq edir və buna layiqdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti