...

Böyük qayıdışla bölgədə böyük inkişaf prosesi başlayır - Könül Nurullayeva

Siyasət Materials 7 Yanvar 2021 14:06 (UTC +04:00)
Böyük qayıdışla bölgədə böyük inkişaf prosesi başlayır - Könül Nurullayeva

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə böyük inkişaf prosesi başlayır. Azad olunmuş ərazilərin coğrafi baxımdan böyüklüyünü nəzərə alsaq, burada iqtisadiyyatın bərpası fundamental proqramlar əsasında reallaşacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, təsadüfi deyil ki, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı ilk Fərmandır:

"Fondun yaradılması işğaldan azad olunmuş tarixi torpaqlarımızın yenidən qurulmasını, müasir infrastrukturun yaradılmasını nəzərdə tutur. Beləliklə, azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması bu torpaqları inkişaf etmiş regiona çevirəcək. Azad olunmuş ərazilərimizin münbitliyini və məhsuldarlığını nəzərə alsaq, aqrar sahənin inkişafı üçün də yaxşı imkanların olduğunu söyləmək mükündür. Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, xüsusilə kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı az olub. Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də bundan ibarətdir ki, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Təbii ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini məhz həmin ərazilərdə işləyərək təmin etməlidir. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada əkib-becərərək, yaxşı gəlir əldə etsinlər.

Təbii ki, dövlət bu ərazilərdə ilk növbədə təhlükəsizliyi ən yüksək səviyyədə təmin edir. Bu proses ilk gündən start götürüb. Paralel olaraq, yol infrastrukturu qurulur, dövlət qurumlarının yerli bölmələri artıq öz sahələri üzrə fəal işə başlayıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların cəlb olunması da nəzərdə tutulur. Məlumdur ki, Azərbaycan bu prosesə ilk növbədə dost ölkələri təmsil edən şirkətləri cəlb edir. Artıq Türkiyə və İtaliya nümunəsində səmərəli əməkdaşlığa start verilib. Bu ərazilərdə perspektivli iqtisadi sahələrdən biri də dağ-mədən sahəsidir. Azərbaycan bu sahədə artıq mövcud olan təcrübəsini tətbiq etməklə böyük qazanc əldə edə biləcək".

Deputat bildirib ki, Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də söylədiyi kimi, biz itirilmiş gəliri də hesablamalıyıq:

"Çünki bu 30 il ərzində yüksək səviyyəli potensiala malik müəssisələrdən külli miqdarda gəlir götürmək mümkün idi. Eyni zamanda oradakı təbii sərvətlərin qanunsuz istismarı da artıq faktdır və cənab Prezident müşavirədə bu məsələyə toxunaraq qeyd etdi ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Nəticədə onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Yəni biz işğaldan azad olunmuş ərazilərimizin bərpasına fundamental şəkildə yanaşmqla buranı dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevirməyi planlaşdırırıq. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan Qarabağda cənnət yaradacaq. Bununla da öz ata-baba yurdundan zorla qovulan soydaşlarımız 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti