...

Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov

Siyasət Materials 9 May 2021 11:52 (UTC +04:00)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov

Bakı. Trend:

Zamanın, məkanın fövqündə dayanan şəxsiyyətlərinin mövcudluğu hər xalqın taleyinə yazılmış xöşbəxtlik ola bilməz. Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir.

Heydər Əliyev böyük zirvədir. Bu zirvə Uca Tanrının bizlərə lütfüdür. Hər sözü, hər davranışı, mimikası, jestləri, təbəssümü, qəzəbi, mərhəməti parlaq cizgilərlə özündə birləşdirən nəhənglikdir Heydər Əliyev. O nəhəng nələri, kimləri görməyib, nələrə şahidlik etməyib ki? Dayandığı zirvəni təsvir emək mümkündürmü? Əsla yox. Heyrətamizdir, örnəkdir, tarixdir onun gördükləri və etdikləri. Hətta möcüzədir də.

Bu gün Azərbaycanın dünyadakı mövqeyinə, dəst-xəttinə baxanda bir daha əmin olursan ki, Heydər Əliyev möcüzə yaratmış şəxsiyyətdir, möcüzələr memarıdır. O möcüzələrin ki, azərbaycanlını yenidən dövləti olan xalq statusuna qaldırdı. O möcüzələrin ki, bir toplumu dövlətçilik təfəkkürününə köklədi. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycan edəndir. O, möcüzə İnsandır.

Heydər Əliyev şəxsiyyəti məfkurədir, ideyadır, qətiyyətdir, əzmdir, iradədir. Bunun təsdiqi baxımından kifayət qədər təkrarsız və bənzərsiz nümunələr var. Çoxlarınız onlarla tanışsınız. O nümunələr yaşadığımız tarixin də ayrılmaz tərkib hissəsi kimi özünü təsdiqləmiş, vətəndaşlıq hüququ qazanmış təbiətə malikdir. Amma mənə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad olunması münasibətilə xalqa müraciətindəki bu fikirlər daha çox təsir etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Bəli, Heydər Əliyevin torpaqlarımızın düşmən tapdağından xilas edilməsi yolundakı dönməzliyi, prinsipiallığı nəticəsini verdi. Qarabağ məsələsinin dərinliklərini, siyasi labirintlərini nəzərdən keçirəndə, keçmişdəki aktiv jurnalistlik fəaliyyətim zamanı bu mövzudakı siyasi mükalimələri, müxtəlif şəxslərin söylədiklərini beynimdə saf-çürük edəndə düşünürəm ki, ortada insanı heyrətə gətirən nəticə var. Qürur duyuram, fəxarət hissi keçirirəm ki, xalqımın Heydər Əliyev kimi stereotipləri sındıran, tarixi dəyişdirən, axına qarşı çıxa bilən mərd övladı, son dərəcə dərin siması var.

Qarabağın Azərbaycana qayıtması sıradan hadisə sayıla bilməzdi. Qarabağı və digər işğal edilmiş torpaqlarımızı bizə qovuşduran təpər və cəsarət illərdən bəri aparılmış düşünülmüş siyasətin son dərəcə parlaq akkordu idi. O siyasətin ki, təməlini Heydər Əliyevdən götürmüşdü.

Heydər Əliyev şəxsiyyəti üçün Qarabağ xalqımızın milli davasıydı. Prezident İlham Əliyev məhz bu ideyanı müqəddəs məfkurəyə çevirdi. Bunu bacarması ilə nə qədər fəxr etsə, öyünsə, yenə azdır. Axı ata vəsiyyətini belə dəqiqlik və həssaslıqla yerinə yetirə bilən lider övladlar da tarixdə çox deyil.

Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə onun canından artıq sevdiyi Azərbaycan ərazi bütövlüyünə qovuşub. “Qarabağ Azərbaycandır!” şüarıyla döyüşlərə atılmış və qələbə qazanmış xalqın önündə yeni yollar açılıb. Üfüq kimi yollar və bu üfüqdə Azərbaycan adlı daha parlaq günəş var! O günəş dayanmadan işıq saçır, aləmi nura boyayır! O günəş Azərbaycan dövlətinin əbədiyyət simvoludur! Üfüqdəki Azərbaycan günəşinin varlığına görədir ki, Heydər Əliyevin ruhu da şaddır! Ruhun hər zaman şad olsun, Möcüzə İnsan! Daim qəlbimizdəsən!

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti