...

Müharibə dövründə də, sülh dövründə də Azərbaycanın yolu Zəfər yoludur! - Kamaləddin Qafarov

Siyasət Materials 7 Oktyabr 2021 17:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Vətən müharibəsində Qələbəsi “yenilməz erməni ordusu” barədə illərlə formalaşdırılan mifə son qoydu. Ermənilərin bütün yalanlarını, uydurma miflərini və iddialarını da eyni aqibət gözləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti deyib, deməli bu, belə də olacaq.” Bu sözləri yap.org.az. saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan bundan sonra daha pis vəziyyətə düşməmək üçün bütün iddialarından əl çəkməli və qonşuları ilə münasibətləri düzəltməyə çalışmalıdır: “Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar bir aylıq və yaxud bir illik deyil. Bu reallıqlar əbədidir və onları qəbul etmək artıq hamı üçün qaçılmazdır. Oktyabrın 4-də Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycana qarşı olan bütün erməni iddialarına birdəfəlik son qoyulmalıdır. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Onlar artıq mifologiyadan, böyük Ermənistan xülyasından əl çəkməlidirlər. “Dənizdən-dənizə qədər” adlandırdıqları mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Onlar həmçinin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Əgər kimsə hesab edirsə ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Əgər Azərbaycan özünə qarşı təhlükə görsə, əgər təhlükənin kiçik bir təzahürünü görsə, lazımi addım atılacaq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar - bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq.”

Kamaləddin Qafarov Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan təkbaşına təmin etdi.

Vətən müharibəsinin gedişində Şanlı Ordumuz bir çox şərəfli qələbələrə imza atdı.

Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu müharibənin artıq ik günü, 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun böyük şücaətinin və Ali Baş Komandanımızın misilsiz hərbi strategiyasının nəticəsidir. Məlum olduğu kimi, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks- hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lakin ordumuzun bu güc göstərisi ermənilərə dərs olmadı. Buna görə də Azərbaycan Ordusu 2020-ci ildə Cəbrayıldan başlamaqla qısa zaman ərzində bütün torpaqlarımızı işğaldan azad etdi. Müharibə başlayandan cəmi bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistanın silahlı qüvvələri üçün sarsıdıcı zərbə oldu və orduda çox böyük ruh düşkünlüyünə gətirib çıxardı. Bununla da Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsinə ciddi təsirini göstərdi.”

Sonda Kamaləddin Qafarov bildirib ki, bu gün Cəbrayılda gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarından xəbər verir: “Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıla səfəri zamanı daha bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşasından sonra bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Oktyabrın 4-də möhtərəm Prezidentimiz Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdi. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün geniş imkanlar yaradır. Həmçinin Prezidenti səfəri çərçivəsində iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Oktyabrın 4-də “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və dövlətimizin başçısı ilə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkətləri də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoyurlar. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, digər sosial obyektlər buraya insanların qayıdışı üçün zəruri olan əsas şərtlərdir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərin görülüb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti