...

Tehranda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Siyasət Materials 23 Fevral 2022 13:52 (UTC +04:00)
Tehranda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Bakı. Elnur Bağışov - Trend:

Bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, anım mərasimində çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib ki, Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

Səfirin sözlərinə görə, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul edib.

Bildirilib ki, Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada bu cinayətə görə məsuliyyət daşıyırlar.

"İnanırıq ki, Xocalı soyqırımının törədilməsində məsuliyyət daşıyan şəxslər ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar öz layiqli cəzalarını alacaqlar",- səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti