...

Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru ilə görüşüb

Siyasət Materials 12 Mart 2022 14:10 (UTC +04:00)
Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, icraçı direktor görüşdə Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib. O, xüsusilə Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib və sözügedən istiqamətdə ötən ilin sentyabr ayında keçirilən ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. İcraçı direktor həmçinin təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu qeyd edib. K.Sarıbay cari ilin oktyabr ayında keçiriləcək AQEM-in Sammitinə hazırlıq prosesi barədə məlumat verib.

C.Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini və sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. C.Bayramov həmçinin Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi önəmi və bu istiqamətin prioritet xarakter daşıdığını qeyd edib. Xüsusilə, post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları kontekstində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayan nazir bu xüsusda Azərbaycanın mövqeyini ifadə edib.

Nazir eyni zamanda AQEM platformasının inkişafı ilə bağlı səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında, habelə AQEM-in cari ilin oktyabr ayında keçiriləcək Zirvə görüşünə hazırlıq işləri barəsində fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti