...

Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır - Amerikalı ekspertlər

Siyasət Materials 7 Aprel 2022 11:39 (UTC +04:00)
Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır - Amerikalı ekspertlər

Bakı. Trend:

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş Cənubi Qafqaz regionunda vəziyyətin müzakirəsinin davamı və Aİ-nin hər iki tərəflə münasibətlərin inkişafı məqsədilə baş tutub. Görüş zamanı 2021-ci ilin 15 dekabr tarixində Brüsseldə və Fransa prezidenti Emmanuel Makronla 2022-ci ilin fevralında videokonfrans formatında görüşlərin yekunları nəzərdən keçirilib.

Görüş zamanı bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə olunub.

Eyni zamanda aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi daxil olacaq.

Üçtərəfli görüşü Trend-ə şərh edən ATƏT-in amerikalı sabiq həmsədri Riçard Hoqland qeyd edib ki, Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır.

“Münaqişə onilliklərini geridə qoymaq asan iş deyil, amma həm prezident Əliyev, həm də baş nazir Paşinyanın əmin və dəqiq rəhbərliyi hər iki ölkənin təhlükəsiz və daha yaxşı gələcəyinə yön verir. Hər iki ölkənin qarşısında uzun və çətin yol dayanır”, - deyə o bildirib.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü, xüsusilə də dekabrın 14-də Avropa İttifaqı Şurasının sədri Ş.Mişellə görüşdən sonra vacib və ümidverici addımdır. Avropanın Cənubi Qafqazda sülhün təşviq olunmasında iştirakının güclənməsi ümidvericidir.

“Görüşün yekunları ilə bağlı elan olunanlara gəldikdə, liderlər dekabr görüşü, eləcə də prezident Makronla fevral görüşündən sonra baş vermiş hadisələri, bir müddət əvvəlki gərginliyin və insidentlərin müzakirəsinin, atəşin dayandırılması barədə 2020-ci il noyabr razılaşmanasının müddəalarının əməl olunmasının vacibliyini müzakirə edib. Tərəflərin humanitar məsələlərin həlli ilə bağlı işlərinin vacibliyi, minaların təmizlənməsi üzrə işlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması, bütün bunlar vacib, zəruri, müsbət addımlardır”, - R.Sekuta deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında otuzillik münaqişənin aradan qaldırılması asan olmayacaq.

“Sülh üçün lazım olan anlayış və etimad səviyyəsinə nail olmaq üçün vaxt, qətiyyət və ağır iş tələb olunacaq. Amma Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın bu çətin işə başlamalarını görmək məmnunluq doğurur”, - deyə o bildirib.

Onun sözlərinə görə, eyni zamanda, hər kəs başa düşməlidir ki, bu proses vaxt aparacaq.

“İstənilən danışıqların xarakteri bu cürdür. Azərbaycanla Ermənistan arasında səmərəli, möhkəm sülh sazişinin hazırlamaq və qüvvəyə mindirmək vacibdir”, - sabiq səfir qeyd edib.

R.Sekuta əlavə edib ki, xarici subyektlər bu prosesin irəliləməsinə, sülh sazişinin təşviqi üçün zəruri olan şərtlərin və etimadın yaradılmasına kömək edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti