...

Azərbaycan “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın ilk iclasında iştirak edib

Siyasət Materials 12 Aprel 2022 11:06 (UTC +04:00)
Azərbaycan “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın ilk iclasında iştirak edib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə tərəfinin təşəbbüsü ilə yaradılmış “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın ilk iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2021-ci il mayın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə tərəfinin təşəbbüsü ilə “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılmış və Azərbaycan bu ilin yanvar ayında BQXK-nin dəvəti ilə bu təşəbbüsə qoşulub.

Qeyd edilməlidir ki, ölkəmiz Alyansa BQXK prezidenti Peter Maurerin Azərbaycanın münaqişə nəticəsində itkin düşmüş minlərlə insanın taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq öhdəliklərə sadiqliyi, bu məqsədlə 1990-cı illərdən başlayaraq itkin düşmüş şəxslər barəsində məlumatların toplanması və texniki dəstək sahəsində BQXK ilə əməkdaşlığı, eləcə də BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər”ə dair qətnaməsinin əsas müəllifi kimi qlobal səviyyədə oynadığı rolun vacibliyinə vurğu edən müraciəti əsasında qoşulub.

2022-ci il aprelin 7-də Qlobal Alyansın ilk iclası keçirilib. İclasda Alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan, Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə) nümayəndələri iştirak ediblər.

Tədbiri BQXK-nin vitse-prezidenti Jil Karbonye açıb, son beş ildə dünyada itkin düşmüş şəxslərin sayının 75 faiz artaraq 173 800-ə çatdığını qeyd edib, problemə qlobal səviyyədə diqqəti cəlb etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün Qlobal Alyansın yaradıldığını bildirib.

Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilmiş və tədbir iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi məzarlıqların aşkarlanması, ərazilərin minalarla kəskin çirkləndirilməsinin qalıqların tapılmasına maneə törətməsi, Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün göstərdiyi səylər və bu xüsusda BMT Baş Assambleyası tərəfindən qəbul edilən “İtkin düşmüş şəxslər” qətnaməsi barədə məlumatlandırılıb.

Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti