...

Bakı ilə İrəvan arasında danışıqlarda irəliləyiş Prezident İlham Əliyevin diplomatik uğurudur - Pakistanlı ekspertlər

Siyasət Materials 26 Aprel 2022 08:54 (UTC +04:00)
Bakı ilə İrəvan arasında danışıqlarda irəliləyiş Prezident İlham Əliyevin diplomatik uğurudur - Pakistanlı ekspertlər

Bakı. Trend:

Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qələbə qazandığı ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz regionunda Ermənistanın da barışmalı olduğu yeni reallıqlar meydana gəlib. İki ölkənin xarici işlər nazirləri arasında əldə olunan razılaşmaları bu reallıqların qəbul edilməsinin nəticəsi kimi qiymətləndirmək olar. Onu da qeyd edək ki, əldə olunan razılaşmalar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel görüşündən sonra ardıcıl və məntiqli addım oldu.

Bu faktı Trend-ə şərh edən Sülh Araşdırmaları və Diplomatiya İnstitutunun rəhbəri, Pakistan-ŞƏT Dostluq Forumunun sədri, tanınmış pakistanlı politoloq Məhəmməd Asif Nur bildirib ki, iki ölkə XİN rəhbərləri arasında baş tutmuş telefon danışığı bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olub.

"Danışıq zamanı tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Bu, irəliyə doğru atılmış mühüm addımdır", - deyə Nur bildirib.

O vurğulayıb ki, ikinci mühüm razılaşma yaxın gələcəkdə sülh müqaviləsi üzərində birgə işləyəcək işçi qrupun üzvlərinə aiddir.

"Artıq ölkə rəhbərliyinin siyasəti sayəsində Azərbaycan Qarabağı işğaldan azad edib, artıq irəli getmək vaxtıdır. Fikrimcə, sülh prosesi artıq başlayıb və qarşılıqlı razılaşma əsasında şərtlərin rəsmiləşdirilməsi mərhələsindədir", - politoloq qeyd edib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra sülhün bərqərar olması üçün tərəflər arasında etimadın yaradılması istiqamətində işlər aparılıb.

“Birgə Sərhəd Komissiyasının yaradılması sərhəddə təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələlərinin həllinə kömək edəcək. Bu, qarşılıqlı fəaliyyətin uğuru və sərhəddə əməkdaşlıq məsələlərini həll etmək imkanıdır”, - deyə Nur bildirib.

Azərbaycanın siyasətinə gəlincə, o vurğulayıb ki, ölkə heç vaxt qarşı tərəfə düşmənçilik münasibəti göstərməyib.

"Atəşkəsdən sonra Azərbaycan infrastrukturun bərpası ilə məşğuldur. Bu, Azərbaycanın münaqişələrdən qaçmaq və sülhü təşviq etmək istəyini, eləcə də Azərbaycanın sülhsevər ölkə kimi diqqət və niyyətlərini əks etdiri", - ekspert qeyd edib.

Politoloq qeyd edib ki, yüksək səviyyəli danışıqlar gələcək istiqamətləri müəyyən edir.

"Düşünürəm ki, bu, regionda sülh prosesi üçün böyük əhəmiyyət kəsb edəcək, Ermənistandan daha ciddi münasibət və sülh prosesinin irəliləməsi üçün lazım olan addımlar atmaq istiqamətində sadiqlik tələb olunur, çünki Azərbaycan artıq regionda sülhün bərqərar olmasına sadiqliyini və hazır olduğunu bəyan edib", - Məhəmməd Asif Nur fikrini yekunlaşdırıb.

Öz növbəsində, "Pakistan in the World" xəbər agentliyinin redaktoru Tazin Axtar Trend-ə bildirib ki, sülhə imkan yaratmaq üçün iki ölkə arasında əlaqələrin davam etdirildiyini qeyd etmək əlbəttə ki, xoşdur.

"Birgə Sərhəd Komissiyasının formalaşdırılması və sülh müqaviləsi üzrə işçi qrupunun yaradılması ilə bağlı yüksək səviyyəli razılaşma, şübhəsiz ki, iki qonşu ölkənin aralarında körpülərin qurulması istiqamətində irəlilədiklərinə dair ümid işığıdır", - deyə Əxtar bildirib.

Onun sözlərinə görə, sülh və sabitliyə gəlincə, fakt budur ki, Azərbaycan həmişə buna can atır və tarix göstərir ki, Ermənistan keçmişdə əldə edilmiş razılaşmaları daim pozub.

"Məsələn, Ermənistan Azərbaycanın minalanmış ərazilərinin xəritələrini verməli idi, lakin bundan yayınırdı. Hətta müharibə başa çatandan sonra da bu səbəbdən Azərbaycanda həm hərbçilərin, həm də mülki şəxslər həlak oldu. Azərbaycan həmişə Ermənistanla sülhün tərəfdarıdır və Ermənistandan da eynisini gözləyir", - Axtar qeyd edib.

O, əlavə edib ki, xarici işlər nazirləri arasında əldə olunan konsensus daha bir ümid işığıdır.

"Azərbaycan sülh səylərində həmişə səmimi olub. Ümid edirik və gözləyirik ki, Ermənistan da bu məsələdə açıq və səmimi şəkildə iştirak edəcək", - Tazin Axtar vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti