...

Türkiyə terrorçuluğun qarşısını almaqda qərarlıdır - Ərdoğan

Siyasət Materials 30 May 2022 06:04 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Suriyanın şimalından edilən ən kiçik hücumu belə cavabsız qoymayacaq.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan əmin edib ki, terrorla mübarizə gələcəkdə də qətiyyətlə davam etdiriləcək.

“ABŞ terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Türkiyə problemlərini özü həll edəcək”, - deyən Ərdoğan, Ankaranın terrorla mübarizə üçün icazəyə ehtiyacı olmadığını bildirib.

Türkiyə liderinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələri hazırda İraqın şimalında da daxil olmaqla 100-dən çox terrorçunu zərərsizləşdirib.

Dövlət başçısı, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsinə toxunub.

“Nə qədər ki, mən Türkiyə Respublikasına rəhbərlik edirəm, Ankara terroru dəstəkləyən ölkələrin Şimali Atlantika Alyansına daxil olmasına heç vaxt razılıq verməyəcək”, - dövlət başçısı bildirib.

Ərdoğan həmçinin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün diplomatik səyləri davam etdirməyə hazır olduğunu açıqlayıb.

Prezident bazar ertəsi Moskva və Kiyevlə telefon danışıqları aparacağını bildirib: “Biz tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etməyə çağırmaqda davam edəcəyik”.

İsraillə təbii qaz əməkdaşlığına toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə Energetika Nazirliyinin rəhbəri bu ölkədə bir sıra görüşlər keçirəcək.

"İsrail belə bir addıma hazır olduğunu bəyan edir", - Türkiyə lideri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti