...

Azər­baycan-Ermənistan sərhədində içkili erməni hərbçilər arasında atışma olub - DSX (FOTO)

Siyasət Materials 30 May 2022 15:52 (UTC +04:00)
Azər­baycan-Ermənistan sərhədində içkili erməni hərbçilər arasında atışma olub - DSX (FOTO)

Bakı. Trend:

2022-ci il 28 may tarixində Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar yayıl­mışdır.

Trend-in məlumatına görə, Dövlət Sərhəd Xidmətindən (DSX) bununla əlaqədar rəsmi olaraq bildirilir ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və real­lığı əks etdirmir.

"Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmamışdır.

Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınmışdır.

Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz aralarında baş verdiyini göstərir.

Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti