...

Komando Təlim Mərkəzində şəxsi heyətin hazırlanması davam etdirilir - Zakir Həsənov

Siyasət Materials 26 İyun 2022 22:57 (UTC +04:00)
Komando Təlim Mərkəzində şəxsi heyətin hazırlanması davam etdirilir - Zakir Həsənov

Bakı. Trend:

Komando Təlim Mərkəzində şəxsi heyətin hazırlanması davam etdirilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəndə deyib.

Müdafiə naziri bildirib:

"Uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verdi. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparıldı və Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. O cümlədən Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı.

Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub.

Vətən müharibəsində əldə edilmiş təcrübələrə əsasən qoşunların idarəedilməsi ilə bağlı Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri komandanlıqlarında Döyüşü İdarəetmə mərkəzləri və onların tabeliyində olan bölmələrdə döyüşü idarəetmə qrupları yaradılıb, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işləri təşkil edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti