...

İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir - Elmira Süleymanova (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Siyasət Materials 2 İyul 2022 09:51 (UTC +04:00)
İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir - Elmira Süleymanova (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycanda insan hüquqları üzrə müvəkkil – ombudsmanın fəaliyyətə başlamasından 20 il ötür. Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova bununla bağlı Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibə verib.

Elmira Süleymanova bildirib ki, hər bir müstəqil dövlətin demokratik, hüquqi olmasının meyyarı insan hüquq və azadlqılarının təmin olunması ilə dəyərləndirilir. Azərbaycanda Ombudsman təsisatı müstəqilliyimizin bəhrəsi olaraq, həm də müstəqilliyimizin qorunması və inkişafında böyük rol oynayıb.

Azərbaycan xalqı öz müstəqilliyini ağır yollarla və böyük itkilərlə əldə edib. İlk müstəqil dövlətimiz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunub. Müsəlman şərqində ilk demokratik parlamentli respublika olan AXC-nin böyük xidmətlərindən biri də qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verməklə insan hüquqlarının təməl prinsipi olan hüquq bərabərliyini təmin etməsi oldu.

Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququnu Avropa ölkələrindən və ABŞ-dan əvvəl vermişdir. Dünya miqyasında bu hüquq bərabərliyi prinsipi BMT-nin 1948-ci ildə, yəni 30 il sonra qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsvir olundu.

İkinci dəfə müstəqilliyimiz 1991-ci ildə Konstitusiya Aktı ilə bəyan edildi. O zaman hakimiyyəti zəbt etmiş qüvvələr ölkəmizi bütövlükdə dağıntılara, siyasi, iqtisadi, sosial, bir sözlə, hərtərəfli böhrana məruz qoydu və idarəolunmaz vəziyyətə saldı, xaos və özbaşınalıq hökm sürürdü. Azərbaycanda yoxsulluğun səviyyəsi 85 faizə çatmışdı. Biz artıq vətəndaş müharibəsi, müstəqilliyimizi itirmək təhlükəsi qarşısında idik. Belə bir ağır vəziyyətdə Heydər Əliyev xalqımızın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıtdı və ilk günlərdən xalqımızı bu bəlalardan, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsindən xilas etdi.

Ümummilli liderimiz böyük və məharətli strateq olaraq, hərtərəfli islahatların özülünü qoydu. O, yaranmış vəziyyətdən çıxmaq üçün qarşıdakı məqsədləri və onlara aparan yolları aydın görərək bu qənaətə gəldi ki, ən əvvəl iqtisadiyyatımız inkişaf etməli, güclü ordu yaratmalıyıq.

Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olan prioritet məsələlərdən biri də insan hüquqları olmuşdur. Bu istiqamətdə Heydər Əliyev mühüm qərarlar qəbul etmişdir. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. 1998-ci ildə isə artıq Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclis bu haqda qanun qəbul etdi.

Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar da olmuşdur. Sual olunurdu ki, bir və ya bir neçə şəxsi qətlə yetirən insanı nə üçün ölümlə cəzalandırmaq olmaz? Amma Ulu öndərin məntiqinə və humanist yanaşmasına, müdrik cavabına baxın ki, insanın insanı öldürməsi başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı Qanun səviyyəsinə qaldırdı. O zaman ölüm cəzasının icrasını gözləyən çoxsaylı məhbuslar və onların ailələri Heydər Əliyevin qərarından necə də xöşbəxt idi.

Ümummilli liderimiz siyasi hakimiyyətə qayıtdıqda həll etdiyi mühüm məsələlərdən biri 1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması idi. Bu atəşkəs dövlətimizin, iqtisadiyyatımızın və ordumuzun güclənməsi məqsədilə zaman udmaq üçün vacib və çox böyük strateji əhəmiyyət kəsb edən bir nailiyyət idi.

Heydər Əliyevin nail olduğu ən vacib məsələlərdən biri də dərin böhrandan çıxış yolu kimi “Əsrin müqaviləsi” adlandırılmış Neft Kontraktının imzalanması oldu. Bu nəhəng layihənin nəinki ölkədaxili problemlərin həllində, həmçinin, beynəlxalq aləmdə tarixi əhəmiyyətinə bu gün hər kəs şahidlik edir. Lakin o zaman Heydər Əliyevin bu taleyüklü təşəbbüsünü tənqid edənlər, şübhə altına alanlar da var idi. Zaman isə bu tənqidlərin tamamilə əsassız olduğunu, həmin neft müqaviləsinin ölkəmizi tamamilə yeni mərhələyə, inkişafa və tərəqqiyə doğru apardığını, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olduğunu göstərdi.

1999-cu ildə tarixi İstanbul Sammiti baş tutdu. Qeyri-hökumət təşkilatının rəhbəri olaraq mən də o sammitə dəvət olunmuşdum. Burada ilk dəfə olaraq Heydər Əliyev bəyan etdi ki, Azərbaycan təklif olunan və bir çox dövlətlərin marağında olanı deyil, məhz Bakı-Tbilisi-Ceyhan marşrutunu seçmişdir.

Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl isə çıxışında bu qərarı yüksək dəyərləndirməklə söyləmişdi ki, Heydər Əliyev yalnız Azərbaycanı, yalnız Türkiyəni deyil, bütün türk dünyasını şərəfləndirdi. Güclü siyasətçi, dövlət xadimi və diplomat olan prezidentimiz özünün bir qərarı ilə ölkəmizin taleyüklü məsələsini həll etməklə yanaşı, dünya miqyasında xalqımızın nüfuzunu necə məharətlə qaldırdı.

Ümummilli liderimizin ən mühüm prioritetlərindən biri də ölkədə insan hüquq və azadlıqlarının təmin olunması idi. Bu baxımdan 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Konstitusiyanın bütöv bir fəsli insan hüquqlarına həsr olunub və bu sənəddə bəyan olunmuşdur ki, insan hüquq və azadlıqlarının və layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Ölkə Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilk rəsmi sənəd idi ki, insan hüquqları üzrə müvəkkili adı çəkilirdi. Həmin sənədin məntiqi davamı olaraq 18 iyun 1998-ci il tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi.

2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul olundu və qaydalara uyğun olaraq qarşımızda bir sıra öhdəliklər qoyuldu.

Onlardan biri də bir il müddətində Azərbaycan Respublikası “İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)” haqqında qanunun qəbul edilməsi idi. Lakin adı çəkilən fərman və sərəncamla uzaqgörən liderimiz bu öhdəliyin yerinə yetirilməsi üçün zəmin yaratmışdı. Elə 2001-ci ilin dekabrın 28-də artıq Milli Məclisdə “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında ilk və Konstitusiya statuslu qanun qəbul edildi. Avropa Şurasının və digər beynəlxalq ekspertlərin dəyərləndirdiyinə görə, bu, çox mükəmməl qanun idi.

İnsan hüquqları üzrə müvəkkil vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunmuş və məmurlar, vəzifəli şəxslər tərəfindən pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmişdir.

Ombudsman yalnız Azərbaycan Respublikasnın Konstitusiyasına və qanunlarına tabe olur və müstəqilliyi onun dəyişməzliyi, toxunulmazlığı və heç bir dövlət qurumunun, vəzifəli şəxsin onun fəaliyyətinə müdaxilə etməyinin yolverilməzliyi ilə təmin edilir.

Ombudsman ölkə daxilində də, beynəlxalq aləmdə də bir çox yeni səmərəli təşəbbüsləri ilə tanınımışdır. O, fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti təşkilatları, habelə beynəlxalq qurumlarla, müxtəlif ölkələrin ombudsmanları ilə sıx əməkdaşlıqda qurur. Fəaliyyəti dövründə ombudsman çoxsaylı beynəlxalq konfranslar təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqları üzrə ilk dövlət Proqramı”nın imzaladığı 1998-ci il 18 iyun tarixi 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda ilk və yeganə dövlət olaraq Milli İnsan Hüquqları Günü kimi təsdiqləndi. Həmin gün ölkənin hər bir şəhər və rayonunda geniş ictimaiyyətin iştirakı ilə ictimai dinləmə formatında konfranslar keçirilir. İnsan hüquqları vəziyyətinin monitorinqləri keçirilib, nəticələri təhlil olunub, insan hüquqlarının daha etibarlı təmin olunmasına yönəlmiş 600-dən çox təkliflər verilib, səlahiyyətli dövlət qurumlarına göndərilib və bunların böyük əksəriyyəti təmin olunmaqla əhalinin müxtəlif qruplarının hüquqlarının daha da səmərəli qorunması təmin olunub. Eyni zamanda həmin tarixdə hər il Ombudsmanların Bakı Beynəlxalq Konfransları keçirilmişdir. Bu konfranslar geniş müzakirə platforması olmaqla yanaşı Azərbaycan həqiqətlərini, uzun illər davam edən erməni təcavüzünün ağır nəticələrini, ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı uğurları özündə əks etdirən bəyanatlar konfransa qatılan ombudsmanlar tərəfindən öz ölkələrinə çatdırılıb.

Ombudsmanın əhalinin ayrı-ayrı qruplarının hüquqlarının müdafiəsi üzrə geniş fəaliyyəti mövcuddur. Bu fəaliyyət bərabərlik, kütləvilik eyni zamanda fərdi yanaşma prinsipləri üzərində qurulmuş sistemli, ardıcıl, ölkə boyu ucqarları belə əhatə edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş ilk Milli fəaliyyət planı və Milli fəaliyyət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində demokratik idarəetmənin, qanunvericiliyin təkmilləşməsi, qadınların, uşaqların, gənclərin, ahılların, əlilliyi olan şəxslərin, məhkumların, hərbi qulluqçuların, milli azlıqların hüquqlarının müdafiəsi və bərpa olunmasına nail olunub.

Heydər Əliyevin böyük xidmətlərindən biri də o oldu ki, əfv institutu bərpa olundu və bütövlükdə 12 amnistiya aktı və 68 əfv sərəncamı imzalanmışdır. On minlərlə insan azadlığa və ailəsinə qovuşdu. Bütün bunlar insan azadlığı və hüquqlarının etibarlı təmin olunmasına yönəlmişdi.

Ölkə Prezideninin rəhbərliyi ilə dövlət quruculuğunun və qanunvericiliyin təkmilləşməsi, sistemli, ardıcıl sosialyönümlü islahatların həyata keçrilməsi üzrə tədbirlərin nəticələrini təbliğ etməklə Ombudsman Azərbaycanın bu nailiyyətlərin dünyaya geniş tanınmasına dəstək göstərib.

Ölkəmizin daxili inkişaf proseslərində və beynəlxalq durumunda köklü dönüş yaratmış 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər 44 günlük Vətən müharibəsində Müzəffər Prezidentimiz, Ali Baş Komandan, istedadlı sərkərdə və diplomat İlham Əliyev xalqımızı və ordumuzu ətrafında dəmir yumruq kimi sıx birləşdirərək 30 il işğal altında qalmış torpaqlarımızı azad etdi, yüz minlərlə keçmiş məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtması problemini aradan qaldırdı.

Azərbaycan düşmən ordusunu darmadağın etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Vətən müharibəsindəki Zəfər dövlətimizin hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Bu qələbə xalqımızın birliyinin qüdrətini, ruh yüksəkliyini və torpaqlarımızı qorumaq əzmini daha da yüksəltdi. Bu möhtəşəm tarixi qələbə bütün təşkilatların fəaliyyətinə də yeni nəfəs verdi.

Ölkə prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan geniş bərpa-quruculuq işləri yeni zirvələrə, yeni intibaha doğru aparan yolun başlanğıcı oldu və hazrıda da uğurla davam edir.

Vətən müharibəsi və sonrakı günlərdə Azərbaycanın insan hüquqları üzrə məvəkkili Səbinə Əliyeva da qanuna uyğun ənənəvi vəzifələrini davam etdirməklə yeni çağırışlara cavab verərək ölkədə baş verən hadisələrə, erməni barbarlarının dinc əhaliyə, o cümlədən Gəncəyə və Bərdəyə hətta qadağan edilmiş raketlərlə hücumları nəticəsində dinc əhalinin həlak olması, işğal altında olan ərazilərin böyük dağıntılara məruz qoyulması, təbiətə qarşı törətdikləri vandallıqlar haqqında, kütləvi şəkildə dinc əhalinin hüquqlarının pozulması barədə beynəlxalq qurumlara geniş məlumatlar verir və səlahiyyətli qurumları onları törətdikləri cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasına çağırır. Bu baxımdan ombudsmanın beynəlxalq ekspertləri və ombudsmanları cəlb etməklə təşkil etdiyi faktaraşdırma missiyaların hesabatları xüsusilə vurğulanmalıdır. Eyni zamanda müharibədən zərər çəkmiş şəhid ailələrinə maddi, mənəvi, psixoloji dəstəyin təşkil olunması, qazilərimizin isə sağlamlığının bərpası üzrə tədbirlər bu gün də Ombudsmanın fəaliyyətinin əsas istiqmətlərindən biridir.

Azərbaycan xalqının xöşbəxtliyi ondadır ki, Tanrı xalqımıza sədaqətlə, fədakarlıqla xidmət edən böyük dövlət və siyasi xadim, güclü diplomat olaraq tariximizin ən ağır burulğanlarından, müstəqilliyimizin itirilməsindən qorumuş və işğal olunmuş torpaqlarımızı azad edən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını reallığa çevirmiş, dünya birliyində xalqımızın şərəfini, ləyaqətini bərpa etmiş, daha da yüksəkliyə qaldıran, fenomenal şəxsiyyətlər olan Prezidentlərimiz Heydər Əliyev və onun siyasətini uğurla davam edən İlham Əliyev kimi rəhbərlər bəxş edib.

20 ildir ki, Azərbaycanda insan hüquqlarının keşiyində duran Ombudsman öz fəaliyyətini zamanın tələblərinə uyğun və dövlətimizin, xalqımızın məqsədlərinə xidmət edərək müstəqilliyimizin qorunmasına, insan hüquq və azadlıqlarının təmin olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş fəaliyyətini davam etdirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti