Bakı. Trend:
Azərbaycan Ordusunun Laçın şəhərinin mərkəzini, Zabux və Susu nəzarətə götürməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz siyasi iradəsinin nəticəsində mümkün oldu. Hər bir vətəndaşımızın sonsuz qürur duyduğu bu qələbə Azərbaycan dövlətinin gücünü və qüdrətini növbəti dəfə dünyaya göstərdi.
Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
O qeyd edib ki, bu hadisə Azərbaycanın növbəti uğurudur: “Ermənistan kapitulyasiya aktına imza atarkən üzərinə bir çox öhdəliklər götürmüşdü. Bura Laçın şəhərinin mərkəzi, ətraf yaşayış məntəqləri, Laçın dəhlizi adlanan ərazinin boşaldılması və digər razılaşmalar aid idi. Amma təəssüf ki, Ermənistan ötən dövr ərzində öz xislətini nümayiş etdirərək verdiyi sözə əməl etmirdi. Azərbaycan Prezidenti bəyanatlarında dəfələrlə bildirmişdi ki, 10 noyabr bəyanatının bəndləri nəyin bahasına olursa-olsun yerinə yetiriləcək. Budur, Azərbaycan Ermənistanı buna məcbur etdi və qarşısına qoyduğu hədəflərə çatdı. Suveren ərazilərimiz erməni terrorçu dəstlərdən təmizləndi, vaxtilə qanunsuz yerləşdirilmiş ermənilər buradan çıxarıldı. Biz yenə istədiyimizə nail olduq. Bu, ölkəmiz adına çox əhəmiyyətli hadisədir”.
S.Kərimli daha sonra əlavə edib ki, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycanın diqtə etdiyi yeni reallıqlar bu gün bütün dünya tərəfindən qəbul edilir. Qarşıya qoyulan əsas vəzifə erməni terrorunun, separatçılığın kökünü tam kəsməkdir: “Hazırda Ermənistan çıxılmaz vəziyyətədir. Çünki müharibədə rüsvayçı məğlubiyyətə uğrayıb, ölkə uçuruma sürüklənir, üstəlik beynəlxalq dairələr tərəfindən heç bir halda dəstəklənmir. Ona görə də şübhə yoxdur ki, Azərbaycan dövlətinin hərbi və siayasi gücü qarşısında duruş gətirə bilməyən İrəvan tezliklə üçtərəfli bəyanatın digər şərtlərinə də əməl edəcək. Daha doğrusu, buna məbcur olacaq. Biz tezliklə Zəngəzur dəhlizinin açılmasının da şahidi olacağıq. Bu, bir reallıqdır. Çünki Ermənistan rəhbərliyi “dəmir yumruğun” yerində olduğunu hər an hiss edir, başqa çıxış yolunun olmadığını anlayır”.
S.Kərimli onu da bildirib ki, tezliklə laçınlılar öz tarixi torpaqlarına qayıdacaq, 30 il didərgin düşdükləri yurdlarına sahib çıxacaqlar: “Azərbaycan Ordusu Laçına girər-girməz şəhərdə sürətli bərpa işlərinə də başlanılıb. Artıq müxtəlif dövlət qurumlarının əməkdaşları Laçında kommunikasiyaların çəkilişinə başlayıb, təhlükəsizlik tədbirləri həyata keçirlir, bir sözlə, çox qızğın işlər həyata keçirilir. Bu isə o deməkdir ki, Laçına öz sahibləri qayıdır və düşmənin murdar izi torpaqlarımızdan təmizlənir. Tam əminliklə demək olar ki, qarşıda xalqımızı sevindirəcək hələ çox qələbələrimiz və uğurlarımız var”.