...

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Siyasət Materials 1 Sentyabr 2022 12:25 (UTC +04:00)
Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Bakı. Trend:

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın bir çox ölkələrlə olduğu kimi “Böyük Yeddiliyin” üzvü olan İtaliya ilə münasibətləri də inkişaf edən xətt üzrə gedir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır.

"Prezident İlham Əliyevin İtaliyaya sayca 7-ci səfəri iki ölkə arasında əlaqələrin sonrakı mərhələdə inkişafı üçün əlverişli zəmin yaradır. Daha öncə rəsmi görüşlər zamanı imzalanan sənədlərin əhəmiyyəti olduqca böyük idi. Xüsusən 2020-ci ildə Prezident İlham Əliyevin İtaliya səfəri zamanı bir sıra mühüm sənədlər imzalanmışdı. Həmin sənədlərin sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi vurğulamaq lazımdır. Bu sənədlə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.

İki ölkənin rəsmi şəxslərinin səfərlərinin, görüşlərin, təmasların mütəmadi olması Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir",- deputat əlavə edib.

S.Mikayılova onu da qeyd edib ki, Azərbaycan-İtaliya münasibətlərində enerji məsələləri də ön sıradadır.

"Beləki bu gün Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Bu qaz kəməri hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır".

Bu gün Azərbaycanda müxtəlif sahələrdə 100-dən çox İtaliya şirkətinin fəaliyyət göstərdiyini vurğulayan S.Mikayılova əlavə edib ki, azad olunmuş ərazilərdə də İtaliya şirkətləri işləyir və yeni şirkətlərin fəaliyyətə cəlb olunması üçün danışıqlar aparır:

"İki ölkə arasında əlaqələr yalnız işgüzar səviyyədə yekunlaşmır, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Mədəni əlaqələrin göstəricisi kimi 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunub".

Sonda Milli Məclisin deputatı qeyd edib ki, iki ölkə arasında əlaqələr geniş əhatəliliyi və davamlılığı ilə hamı üçün örnəkdir.

"Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri də Azərbaycan-İtaliya münasibətlərinin inkişafına, genişlənməsinə növbəti töhfəsini vermiş olacaq" - deyə Sevil Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti