...

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayır

Siyasət Materials 15 Sentyabr 2022 12:42 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayır

Bakı. Trend:

Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti işə başlayır. Sammit sentyabrın 15-16-da baş tutuacaq.

Trend xəbər verir ki, nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda təşkilatın Baş Katibi Çjan Mindir.

Üzv dövlətlər. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka "dialoq üzrə tərəfdaş"dır.

ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.

Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

Dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdıb. Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistanın sərhəddəki son təxribatı və aldığı sarsıdıcı cavab zərbələrindən sonra Paşinyanın bu addımı atacağı gözlənilən idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti