...

Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun Nazirlər iclasında iştirak edib (FOTO)

Siyasət Materials 24 Sentyabr 2022 15:36 (UTC +04:00)
Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun Nazirlər iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda Nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.

G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.

Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.

Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti