...

"Region Plus" jurnalı ABŞ konqresmenlərinə yazılı müraciət göndərib

Siyasət Materials 1 Oktyabr 2022 21:30 (UTC +04:00)
"Region Plus" jurnalı ABŞ konqresmenlərinə yazılı müraciət göndərib

Bakı. Trend:

2016-cı ildə Azərbaycan-Amerika münasibətlərinin inkişafının işıqlandırılmasına verdiyi töhfəyə görə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Amerika bayrağı ilə təltif edilmiş “Region Plus” analitik jurnalı ABŞ qanunvericilərini Ermənistan-Azərbaycan münaqişəsində tərəflərin mövqeləri arasında balansın qorunması məsələsinin əhəmiyyətinə diqqət yetirməyə çağırıb.

Trend xəbər verir ki, çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 17-18 sentyabr 2022-ci il tarixlərində Ermənistana səfəri və bir sıra anti-Azərbaycan bəyanatları ilə çıxış etməsi fonunda olub. Bundan əlavə, bu yaxınlarda konqresmen Ceki Speyerin rəsmi saytında (həmçinin konqresmenlər Frank Pallone, Adam Şiff və Anna Eşhu tərəfindən imzalanmış) qətnamə təqdim edilib ki, orada da yenə də Azərbaycan tərəfi mənfi şəkildə təqdim olunur və hətta obyektiv balanslaşdırılmış yanaşmanı müşahidə etmək cəhdi belə yoxdur.

ABŞ Konqresinin Nümayəndələr Palatası konqresmen Qven Murun təklifi ilə Azərbaycanın “Region Plus” jurnalını mükafatlandırıb. “Region Plus” jurnalının 10 illiyi şərəfinə nəşrə təqdim olunan “Ulduzlar və Zolaqlar” bayrağı Kapitolinin binası üzərində dalğalanıb. Bu barədə Kapitolinin memarı Stiven T. Ayers tərəfindən imzalanmış xatirə sertifikatında deyilir. ABŞ Bayraq Mükafatı Konqres tərəfindən bütün dünyada tanınmış şəxslərə, QHT-lərə və mediaya verilir. “Region Plus” jurnalı Azərbaycanda bu mükafatı alan ilk təşkilat oldu.

Aşağıda "Region Plus" jurnalı adından ABŞ konqresmenlərinə göndərilmiş məktub təqdim edilib. Məktub həmçinin hazırda ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının lideri olan konqresmen Kevin Makkartiyə də göndərilib.

Məktubun mətni:

"Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan münaqişəsinə münasibətində həmişə balanslaşdırılmış yanaşmaya riayət etməyə çalışıb. Ən azı Amerikanın yüksək rütbəli siyasətçilərinin regiona bütün səfərləri münaqişə ilə bağlı balanslaşdırılmış mövqe çərçivəsində həyata keçirilib. Üstəlik, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT Təhlükəsizlik Şurasının bütün dörd qətnaməsinə (822, 853, 874 və 884, 30 aprel - 12 noyabr 1993-cü il tarixləri) səs verib və bu qətnamələrə əsasən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini dərhal tərk etməli idi.
Təəssüf ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2022-ci il sentyabrın 17-18-də Ermənistana rəsmi səfəri ilk dəfə olaraq İrəvana açıq meyl göstərdi.
2016-cı ildə Azərbaycan-Amerika münasibətlərinin inkişafının işıqlandırılmasına verdiyi töhfəyə görə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Amerika bayrağı ilə təltif edilmiş “Region Plus” jurnalının kollektivi xanım Pelosinin ABŞ Konqresindəki həmkarlarını münaqişə tərəflərinin mövqeləri arasında balansın saxlanmasının vacibliyinə diqqət yetirməyə çağırır. ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri fonunda xanım Pelosinin İrəvana səfərinin məqsədi tam aydındır - Konqresdə spiker çoxlu sayda etnik ermənilərin yaşadığı Kaliforniya ştatını təmsil edir. Bununla belə, hesab edirik ki, xanım Pelosi İrəvana səfəri zamanı Azərbaycan-Ermənistan münaqişəsinə bu cür birtərəfli yanaşmadan çəkinməyə çalışmalı idi. Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, xanım Pelosi heç vaxt Ermənistandan onların icrasını tələb etməyib, indi isə birdən-birə Ermənistana dəstək vermək üçün kəskin çıxış etmək qərarına gəlib.
Onu da xatırlatmaq istəyirik ki, 30 ilə yaxın erməni işğalı dövründə müasir Livanın ərazisinə bərabər ərazidə yerləşən Azərbaycan şəhər və kəndləri sözün əsl mənasında yer üzündən silinib. Söhbət ümumi sahəsi 10 min kvadrat kilometrdən çox olan 300-dən çox yaşayış məntəqəsindən gedir. Azərbaycanın tarix və mədəniyyət abidələrinin 95 faizi, o cümlədən 67 məsciddən 63-ü, qəbiristanlıqlar, bir çox muzeylər, o cümlədən Ağdam şəhərindəki nadir Çörək Muzeyi, Qarabağ xanlarının məqbərəsi, Qarabağ xanlarının qızı Xurşudbanu Natəvanın evi dağıdıldı. Həmin yerə baş çəkən ispaniyalı jurnalist Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıb...
Birinci Qarabağ Müharibəsi nəticəsində 1994-cü ilin may ayına kimi Azərbaycanda on minlərlə insan həlak olub, yaralanıb və ya girov götürülüb. Bütün dinc Azərbaycan əhalisi, təxminən 750 min nəfər ermənilər tərəfindən işğal olunmuş torpaqlardan öz yurd-yuvasından didərgin salınmışdır. Bu etnik təmizləmələrin ən dəhşətli epizodu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı olub, 613 nəfər həlak olub. 2020-ci ilin sentyabr ayına bir milyondan çox insan qaçqın statusunda olub. Həmçinin işğal olunmuş ərazilərdə ekologiyaya böyük ziyan dəymişdir - çirklənmiş çaylar (Oxçuçay), qırılmış meşələr, tapdalanmış otlaqlar...
Biz inanmırıq ki, bunlar hansısa siyasi hesablama xatirinə göz ardı edilə biləcək faktlardır.
Aşağıdakı VMedia Youtube kanalının videosunda xanım Pelosinin İrəvana son səfərindən kənarda qaldığı Ermənistanın işğalı illərində Azərbaycan tərəfinə dəymiş zərərin miqyası göstərilir.

https://www.youtube.com/watch?v=SAaPlU72Zxk

https://www.youtube.com/watch?v=FHMRk-DXpBc

Xəbər lenti

Xəbər lenti