Bakı. Trend:
Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.
Qurumdan Trend-ə daxil olan bəyanatda bildirilir ki, Ermənistan
Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və
prinsiplərini pozmaqla 44 günlük Vətən müharibəsinin gedişatında
Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və
rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini,
xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq
bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat
təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla,
ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya
silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə
müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti
olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə
qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən
infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti
subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
2020-ci ilin oktyabrın 28-də Ermənistan Respublikasının silahlı
qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə
növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21
nəfər qəsdən öldürülmüş, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla
83 nəfər şəxs xəsarət almışdır.
Qeyd edilən ilin noyabrın 7-də müharibənin son günlərində
Ermənistanın Bərdə rayonunun Yeni Əyricə kəndinə raket hücumu
nəticəsində 1 nəfər uşaq ölmüşdür.
Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il
tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması
nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs
qəsdən öldürülmüş, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112
nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur
obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər
tikililərə külli miqdarda ziyan dəymişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları
və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini
məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh
və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və
onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini
görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə bir daha
çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların
xatirəsini dərin hüznlə yad edirik!