...

Prezident İlham Əliyev tərəfindən canlandırılan türk formatı: Səmərqənddə ilk TDT sammitinə doğru

Siyasət Materials 11 Noyabr 2022 11:25 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən canlandırılan türk formatı: Səmərqənddə ilk TDT sammitinə doğru
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşü keçirilib. TDT-nin əvvəlki strukturu - Türk Şurası 2021-ci ildə dəyişdirildikdən sonra türk dövlətlərinin başçıları gündəmdəki aktual məsələləri yeni formatda müzakirə etmək üçün ilk dəfə bir araya toplanıb.

Bu mühüm dəyişiklik bir il əvvəl - 2021-ci il noyabrın 12-də Azərbaycanın Türk Şurasına sədrliyi dövründə baş verib.

Türk əməkdaşlığında ən mühüm dönüş nöqtəsi 2021-ci ildə İstanbulda keçirilən dövlət başçılarının tarixi zirvə görüşü olub. Zirvə görüşündə türk dövlətlərinin birliyi üçün son dərəcə vacib olan qərarlar qəbul edilib.

Birincisi, Türk Şurası yeni ad - Türk Dövlətləri Təşkilatı (TDT) adını alıb və tamhüquqlu beynəlxalq təşkilata çevrilib.

İkincisi, Türkmənistanın qoşulması ilə türk dünyasının inteqrasiyası güclənir.

Üçüncüsü, Zirvə Toplantısında türk ölkələrinin inteqrasiya səylərini dəstəkləyən və əməkdaşlığının uzunmüddətli hədəflərini müəyyən edən “Türk dünyasına baxış - 2040” qəbul edilib.

Azərbaycanın Türk Şurasına sədrliyi çətin dövrə düşdü - koronavirus pandemiyası başladı, ölkə özü isə Ermənistanın hərbi təxribatı ilə üzləşdi və nəticədə ikinci Qarabağ müharibəsi baş verdi. Daha çox analitiklərin və hökumətlərin dünyada siyasi və iqtisadi vəziyyətin pisləşəcəyini proqnozlaşdırması fonunda Azərbaycan Prezident İlham Əliyevin simasında türk dünyası üçün belə mühüm bir strukturda sədrliyindən istifadə edərək ölkələri gələcək proseslərə hazırladı.

Beləliklə, 2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Başçılarının tarixi VIII Zirvə Toplantısı keçirildi və nəhayət, bütün türk ölkələrinin vahid təşkilatda birləşməsi prosesi başa çatdı.

Türk dövlətlərinin ilk belə Zirvə Toplantısı 1992-ci ildə İstanbulda keçirilib. Bu Zirvə Toplantısı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib və türk dövlətləri arasında münasibətlərin yeni formatının əsasını qoyub. Bu format türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələrin qurulması prosesini başlatdı, lakin şəraitin əlverişli olmadığı üçün tamhüquqlu bir təşkilatın yaradılmasına səbəb olmadı.

Türk dövlətlərini birləşdirəcək səmərəli təşkilat yaratmaq üçün növbəti cəhd 2009-cu ildə edildi.

Ümummilli lider Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq daim bütün türk dövlətləri arasında real qarşılıqlı fəaliyyətin qurulmasına çalışan Prezident İlham Əliyev 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı birləşdirən Türk Şurasının yaradılmasının təşəbbüskarı olub.

O zaman yeni qurulmuş gənc təşkilat öz vacib missiyasının icrasına başladı - bir-birinə yaxın olan xalqların həmrəyliyi və inteqrasiyası. Azərbaycan Türkiyə ilə birgə qısa müddət ərzində çox iş görərək Türk Şurasını bütün türkdilli dövlətlərin əməkdaşlıq məkanına çevirdi.

2019-cu ildə təşkilatın sədrliyi Azərbaycana keçdi. Əsas diqqəti türk ölkələrinin iqtisadi əməkdaşlığına verməklə, Azərbaycan türkdilli ölkələrin siyasi əlaqələrinin möhkəmləndirilməsinin təməlinin qoyulmasına başladı.

Məhz Azərbaycanın səyləri sayəsində təşkilat o qədər böyüdü ki, əvvəllər Türk Şurasının işində iştirak etməyən ölkələr əlaqələri fəallaşdırmağa başladılar: 2018-ci ildə təşkilata müşahidəçi qismində Macarıstan qoşuldu, 2019-cu ildə Özbəkistan təşkilatın tamhüquqlu üzvü oldu, daha sonra isə Türkmənistan xüsusi status aldı.

Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli dövlət başçılarının 8-ci zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərib.

"Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.", - dövlət başçısı o zaman demişdi.

Dünyada hazırkı siyasi, iqtisadi vəziyyət hər bir ölkə üçün möhkəmlik sınağına çevrilib. Bu şəraitdə regional inteqrasiya çoxtərəfli əməkdaşlıqların möhkəmləndirilməsi prosesləri ön plana çıxır. Və Türk Dövlətləri Təşkilatının Azərbaycanın təşəbbüsü ilə və sədrliyi altında təsis olunması vaxtlı-vaxtında atılmış addım olduğunu sübut edir.

Prezident İlham Əliyev bir müddət əvvəl Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevlə görüşü zamanı təşkilatın qarşısında dayanan iki əsas tapşırığı vurğulayıb.

Dövlət başçısı ilk tapşırıq kimi təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlığı qeyd edib.

"Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev xaricdə yaşayan soydaşların təhlükəsizliyini də ayrıca qeyd edib.

"Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər.

Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik", - Prezident İlham Əliyev deyib.

Bu prioritetləri müəyyən etməklə Prezident İlham Əliyev bir daha Türk Dövlətləri Təşkilatını öz üzvlərinin inkişafına yönəlmiş ittifaq kimi tanıdır.

Türk Dövlətləri Təşkilatı dayanmadan türk inteqrasiyası üçün çalışan Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində yaranmış gənc təşkilatdır. Məhz bu təşkilat üzv ölkələrin inkişafı üçün zəruri olan istənilən tapşırıqların həlli üçün platforma qismində çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti