Bakı. Trend:
2022-ci ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Şübhəsiz ki, bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında söyləyib.
Ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında dövlət başçılarının rolunu xüsusi qeyd edən nazir deyib: “Onlar arasındakı sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasındakı münasibətlərin inkişafının dinamikasını müəyyən edir, həmçinin beynəlxalq arenada uğurlu qarşılıqlı fəaliyyətə töhfə verir.
Dekabrın 14-də baş tutacaq Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çoxşaxəli ikitərəfli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında dövlətlərimiz arasında əlaqələrin daha da inkişafı məqsədini güdən Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində mühüm mərhələ təşkil edəcəkdir. Birinci Zirvə görüşünün Birgə Bəyanatı, energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində üçtərəfli sənədlər bu istiqamətdə atılan əməli addımlar təşkil edir”.
Ceyhun Bayramovun sözlərinə görə, ölkələrimizin birgə iştirak etdiyi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etməsini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Təşkilatın 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilmiş 9-cü Zirvə Görüşü zamanı dövlət başçıları tərəfindən qəbul olunan qərarlar birgə səylərin möhkəmləndirilməsinə öz töhfəsini verib.