Bakı. Trend:
Azərbaycan regionun aparıcı dövlətlərindən biri və dünya ölkələri arasında böyük nüfuza malik olduğundan daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə dəvət olunması Azərbaycanla bu ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Ümumilikdə qeyd qeyd etmək lazımdır ki, Azərbaycan resursları və həyata keçirdiyi düzgün xarici siyasətə görə bütün dünyada rəğbət qazanıb.
Prezident çıxışında iki ölkə arasında münasibətlərə toxunaraq Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji əhəmiyyətə malik olmasını vurğuladı. İki ölkə arasında diplomatik, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının şahidi olmuşuq. Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağ mövzusunda da bu ölkənin ədalətli mövedə olduğunu hiss etmişik.
Dünyanın diqqətini cəlb edən irimiqyaslı tədbirlərdə Azərbaycan Prezidentinin böyük hörmət və ehtiramla qarşılanmasını ölkəmizin gücünü dünya ictimaiyyətinə çatdırmaq üçün əlverişli platforma kimi də qiymətləndirmək olar. Azərbaycan Prezidenti bu tədbirdə də ölkəmizin imkanları, bir çox qlobal məsələlərdə vacib rol oynaması ilə bağlı nüansları qeyd etdi. Azərbaycanın öz enerji tələbatlarını təmin etməklə yanaşı ixracını həyata keçirməsi iqtisadi güc deməkdir. Şübhəsiz ki, iqtisadiyyatı güclü olan ölkə digər sahələrdə də inkişaf edir. Azərbaycan bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır. Ölkəmizin əsas rol oynadığı bütün böyük layihələr uğurla icra edilib və icra edilməkdədir.
Azərbaycanın külək enerjisi imkanlarının geniş olduğunu diqqətə çatdıran cənab Prezident ixrac marşurutlarının lazım olduğunu bildirdi. Ölkəmizin nüfuzu və etibarlılığı sayəsində gələcəkdə daha çox layihələrin icrası təmin ediləcək. Ölkəmizin iştirak etdiyi böyük layihələr həm də ölkədə investisiya mühitinin müsbət olmasından xəbər verir.
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov