...

Avropa Parlamentinin ölkəmizi ittiham etməsi siyasi simasızlığın klassik nümunəsidir - Elçin Mirzəbəyli

Siyasət Materials 20 Yanvar 2023 13:38 (UTC +04:00)
Avropa Parlamentinin ölkəmizi ittiham etməsi siyasi simasızlığın klassik nümunəsidir - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin yanvarın 18-də qəbul etdiyi qətnamədə yer alan anti-Azərbaycan xarakterli mülahizələr reallığı əks etdirməməklə yanaşı, böhtan xarakterlidir və mahiyyət etibarilə Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamları göz önünə sərgiləyir. Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüzminlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, onminlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən Avropa Parlamentinin ölkəmizi Ermənistana hərbi təcavüz etməkdə suçlaması siyasi əxlaqsızlığın, simasızlığın klassik nümunəsidir.

“Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür “Qoca Qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək bircə nəfər belə yoxdur.

Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, ötən ay Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması da sözügedən təsisatın “gerçək missiyası”nın hansı əməllərdən ibarət olduğunu bir daha sübuta yetirir.

“Eva Kailin isə, necə deyərlər, tək deyil. Avropa Parlamentinin deputatı Terri Mariani ilə bağlı Paris prokurorluğunda 2021-ci ilin sentyabrından başladılmış araşdırmalar hələ də davam etməkdədir. Marianini korrupsiyada, təsir imkanlarından və etibardan sui-istifadədə, eləcə də çirkli pulların yuyulmasında təqsirləndirirlər.

Avropa Parlamentinin, məlum kağız parçasında hələ də tarixin zibilliyində üfunət qoxuyan “Madrid prinsipləri”ndən söz açılması, bu kağız parçasına səs verənlərin təfəkkürünün də “informasiya kirliliyinə” məriz qaldığını təsdiqləyir”, - deyə E.Mirzbəyli vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, gözləri qatı iqrçilik, islamafobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər.

“44 günlük müharibədən sonra 300-ə qədər Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Onların arasında öz peşə borclarını yerinə yetirən media nümayəndələri də var. Maralidy görəsən nədən öz maraqlarına uyğun gəldiyi halda, “söz və fikir azadlığı”ndan saysız-hesabsız sabun köpüyü üfürən Avropa parlamentariləri azərbaycanlı jurnalistlərin, günahsız insanların erməni terrorunun qurbanına çevrilmələrinə seyrçi qalırlar? Bəlkə ermənilərə Avropa Parlamenti tərəfindən xüsusi status verilib və onlar günahsız insanları qətlə yetirə, başqalarının torpaqlarını mənimsəyə, evlərini, ziyarətgahlarını dağıda bilərlər? Bu necə təfəkkürdür? Bu ibtidai icma düşüncəsinin, qəbilə təfəkkürünün daşıyıcısı olan insanlar hansı haqla Azərbaycana qarşı ittihamlarla çıxış edirlər?

Avropa Parlamentinin qəbul etdiyi qətnamə bizim üçün əzik-üzük, simasızlığa, riyakarlığa, siyasi əxlaqsızlığa bulaşmış kağız parçasıdır və heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədflərinə çatçasına maneə yarada bilməz”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti