Bakı. Trend:
Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçıb.
Trend xəbər verir ki, “Qraparak” erməni qəzetinin yazdığına görə, Vardanyan Rusiyaya, böyük ehtimalla, öz idarəçilərindən yeni təlimatlar almaq üçün yollanıb.
Nəşrdə buna qədər erməni separatçılarının başçısı Araik Arutyunyanın da təqribən on gün əvvəl “müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək üçün” Moskvaya getdiyi və 3-4 gün əvvəl Qarabağa qayıtdığı qeyd olunub.
“Qraparak”ın yazdığına görə, separatçılar artıq 58 gündür azərbaycanlıların Qarabağın təbii resurslarının talan edilməsinə qarşı dinc aksiyasının davam etdiyi Laçın yolu ətrafındakı vəziyyətlə bağlı Rusiyanın mövqeyini daha aydın başa düşmək istəyirlər.
Məqalədə, həmçinin, qeyd olunub ki, separatçılar öz məqsədlərinə çatmaq üçün Rusiyadan hansı xeyir əldə edəcəklərini daha aydın başa düşmək istəyir və Moskvada kiminlə işləyəcəklərinə qərar verməyə çalışırlar.
Sual yaranır ki, "Rubik" Qarabağı tərk edərkən rus sülhməramlılarının daşıdığı badımcan və çuğundurların arasında necə gizlənib? Yoxsa, o, qadın paltarı geyinib?
Bir şey aydındır ki, qaçıb gedən milyarder Qarabağa bir daha qayıtmayacaq, əgər qayıtsa, bu, ona çox baha başa gələcək.