Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar təşkil olunub.
AHİK-dən Trend-ə bildirilib ki, tədbirdə AHİK sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev, Konfederasiyaya üzv
təşkilatların rəhbərliyi, BƏT-in, beynəlxalq həmkarlar
ittifaqlarının, həmçinin xarici ölkələrin müvafiq qurumlarının
nümayəndələri iştirak ediblər.
AHİK sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək Azərbaycan
həmkarlar ittifaqlarının strategiyasından, müasir inkişafın
reallıqları fonunda qarşıda duran vəzifələrdən, müəyyən edilmiş
hədəflərə döğru nəzərdə tutulmuş və görüləcək işlərdən bəhs
edib.
Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə
nümayəndəsi Sergiyus Glovaskas, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı
katibi Anton Leppik və digər qonaqlar çıxışlarında dünyada
həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı hazırkı vəziyyət, bu
günün çağırışlarına uyğun müəyyən edilmiş məqsəd və vəzifələr, BMT
ilə qarşılıqlı əlaqələrin faydaları, Azərbaycan, Moldova,
Qazaxıstan, Gürcüstan və Özbəkistan təcrübələrinin əhəmiyyəti
barədə danışıblar. Həmçinin çıxışlarda ölkələrarası təcrübə
mübadilələrinin aparılmasının zəruriliyinə, sosial müdafiə
sistemlərinin təkmilləşdirilməsinə, yaşıl iqtisadiyyatın inkişaf
yollarına toxunulub, ekoloji cəhətdən təmiz iqtisadiyyata ədalətli
keçidin təmin olunmasında həmkarlar ittifaqlarının rolu
vurğulanıb.
Türkiyənin ən böyük həmkarlar ittifaqı Hak-İş Birliyi baş katibinin köməkçisi Ərdoğan Serdengeşti ölkəsində həmkarlar ittifaqlarının gördüyü işlərdən, qlobal dəyişikliyə məruz qalan sahələrdə işləyən şəxslərin yeni peşələrə yönəldilməsi istiqamətində görülən işlərdən danışıb. O xüsusilə qeyd edib ki, hər bir cəmiyyət yeni peşələrin ortaya çıxması ilə bağlı dəyişikliklərə uyğunlaşdırılmalı, bu istiqamətdə peşəkar kadrlar hazırlanmalı, kadr çatışmazlığına yol verilməməlidir.
Seminar mövzu ilə bağlı digər şıxışlarla davam edib.