Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir.
Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan
çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin
olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün
vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin
məruzələri hazırlanıb.
Səfərbərlik təminat bazasına gələn Müdafiə nazirinin müavini - Quru
Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər
rəhbər heyət təlimin gedişini izləyiblər.
Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən
general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq
qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri
təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların
operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri
dinləyib.
Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin
tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə
müvafiq tapşırıqlar verib.
Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi
qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.