...

Nə oldu, Vardanyan?

Siyasət Materials 23 Fevral 2023 23:59 (UTC +04:00)
Nə oldu, Vardanyan?
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Gözlənildiyi kimi, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan Qarabağın “dövlət naziri” vəzifəsindən azad olundu.

Məlumdur ki, rəsmi Bakı Ruben Vardanyan Qarabağa daxil olandan bəri onunla danışıq aparmayacağını bəyan etmişdi. Çünki o, bölgəyə xüsusi təlimatla göndərilmişdi. Vardanyanın “vəzifədə” olduğu dövrdə sərgilədiyi mövqe də bunu sübut edirdi.

Amma erməni oliqarx həqiqi niyyətini “xilaskar” imici yaratmaqla maskalamaq istəyirdi.

Vardanyanın Moskvanın dəstəyi ilə nəzarətində olan maliyyədən Qarabağ erməniləri üçün xərcləyirdi ki, acınacaqlı vəziyyətdə yaşayan əhali bölgədən qaçmasın.

O, müharibə nəticəsində psixoloji gərginlik yaşayan Qarabağ ermənilərinin yaralarına “məlhəm” olmağa gəldiyini desə də, bölgədə həm siyasi, həm də iqtisadi vəziyyəti gərginləşdirdi.

Vardanyan gələndən sonra separatçı Araik Arutunyanla kreslo davasına başladı və Qarabağdakı qondarma rejimdə siyasi parçalanma dövrünə start verildi.

Bu prosesə paralel olaraq, azərbaycanlı fəalların Laçın yolunda aksiyaya başlaması Vardanyanın Qarabağdakı planlarını alt-üst etdi.

O çox çalışdı ki, azərbaycanlı fəalların Laçın yolunda keçirdiyi ekoloji aksiyasını öz maraqlarına uyğun şəkildə təqdim etsin. Guya Qarabağ “blokadaya” salınıb və Vardanyan yerli erməniləri xilas edəcək.

“Xilaskar” Vardanyanın bu planı da baş tutmadı. Çünki Laçın yolu humanitar məqsədlər üçün açıqdır.

Erməni oliqarx Qarabağ ermənilərinin gözünə “xilaskar” kimi görünmək üçün tez-tez “istefa verməyəcəm”, “vəzifəmdə qalacam”, “Qarabağ xalqı sizinləyəm”, “Mən sizinlə qalmağı seçirəm” tipli pafoslu açıqlamalarla yeri əhaliyə şirin vədlər verirdi.

Vardanyan gördü ki, taktikası işə yaramır, Laçın yolundakı aksiyadan öz piarı üçün istifadə edə bilmir, Qarabağdan Moskvaya qaçdı.

Amma Rusiya hakimiyyəti onun yenidən Qarabağa qayıtmasını tələb etdi. Vardanyan Moskvanın tələbi əsasında bir neçə gün əvvəl Xankəndiyə qayıdıb.

Erməni oliqarx Qarabağa qayıdan kimi separatçılarla siyasi mübarizə yenidən qızışdı.

Nəticədə bir neçə gündür onun “vəzifəsindən” azad olunacağı ilə bağlı xəbərlər tirajlanırdı. Bu gün həmin xəbərlər təsdiqini tapdı.

Təbii ki, onun “vəzifəsindən” getməsinin əsas səbəbkarı Azərbaycandır.

Rəsmi Bakı sərhədləri daxilində hansısa ölkənin təlimatı ilə hərəkət edən “siyasi oyunbazla” hesablaşa bilməzdi. Hesablaşmadı da!

Aylardır ki, Azərbaycan rəsmiləri bütün beynəlxalq platformalardan Vardanyanın bölgədən getməli olduğunu, onun Qarabağda vəzifə tutmasının vəziyyəti gərginləşdirəcəyini bəyan edir.

Bakı Vardanyanı Qarabağa göndərən Moskvaya, kriminal oliqarxı dəstəkləyən bəzi Qərb dairələrinə mövqeyini açıq şəkildə dedi.

Prezident İlham Əliyev son dəfə Vardanyan mövzusuna Münhen Təhlükəsizlik Konfransında toxunmuşdu. Azərbaycan lideri bəyan etmişdi ki, Vardanyanla heç bir danışıq aparılmayacaq və o, Qarabağı tərk etməlidir.

Rəsmi Bakı sonadək bu məsələdə iradə nümayiş etdirdi və böyük siyasi qələbəyə imza atdı.

Bu məqam bir daha sübut edir ki, Azərbaycan Qarabağ məsələsində heç bir tərəfə güzəştə getməyəcək və daim öz mövqeyini diqtə edəcək.

Həmçinin Qarabağ ermənilərinin “xilaskarı” kimi təqdim edilən Vardanyanın “hədəflərinə” çata bilməməsi bölgə əhalisini də dərindən düşündürməlidir. Anlamalıdırlar ki, Qarabağ ermənilərinin xilaskarı Vardanyanlar, Araiklər deyil, Azərbaycandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti