...

Avropa Parlamenti özünü Ermənistanın lobbiçisi kimi aparır - Afət Həsənova

Siyasət Materials 13 Mart 2023 16:20 (UTC +04:00)
Avropa Parlamenti özünü Ermənistanın lobbiçisi kimi aparır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti daim Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, ölkəmizlə bağlı əsassız və sərsəm iddiaları əks etdirən qətnamələr qəbul edib. Belə ki, bu təşkilat özünü Ermənistanın lobbiçisi kimi aparır, erməni yalanlarını həqiqət kimi qələmə verməyə cəhd edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Avropa Parlamenti qərəzli siyasətini davam etdirərək növbəti dəfə Azərbaycana qarşı uydurma, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır.

“Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də tarixin arxivinə atılmış “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilmişdi.

Birincisi, Laçın yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz. Ermənilər bu cür yalan məlumatlar yayaraq özlərini yazıq qiyafəsində göstgərməyə çalışır. Biz hər birimiz görürük ki, hər gün Laçın yolundan Rusiya sülhməramlılarının xeyli sayda humanitar yükləri daşıyan avtomobilləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşınları maneəsiz şəkildə hərəkət edir. Lakin ermənilər əvvəlki kimi Laçın yolundan qanunsuz silah daşıya bilmir, təbii sərvətlərimizi talayıb çıxara bilmir. Azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyasının məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə ekoloji terrorun və təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinin qarşısının alınmasıdır. Laçın yolu humanitar məqsədlər üçün ilk gündən açıq olub və bu gün də açıqdır.

“Minsk qrupu”na gəlincə, bu qrupun uzun illər sürən səmərəsiz fəaliyyətinin şahidi olmuşuq. Bu illər ərzində bu qrup nəinki münaqişənin həllinə cəhd etdi, əksinə, münaqişənin həllinin uzadılması ilə məşğul oldu, bir dəfə də olsun Ermənistana işğalçı demədi, işğalçı ilə işğala məruz qalanı eyni tutdu, hətta əksinə işğalçıya dəstək verdi. Belə bir səmərəsiz təşkilata artıq ehtiyac yoxdur. Onların görməli olduğu işi Azərbaycan öz gücü hesabına gördü və bu gün “Minsk qrupu”nun mövcudluğu sadəcə maneçilikdən başqa bir şey olmaz”, - deyə deputat bildirib.

Deputat bildirib ki, “status” məsələsi də artıq tarixə qovuşub. “Azərbaycan bu məsələyə də nöqtə qoyub. Artıq hər hansı bir statusdan söhbət gedə bilməz. Eyni zamanda, “Dağlıq Qarabağ” ifadəsi də artıq öz qüvvəsini itirib. Artıq Azərbaycan ərazisində belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycanın yaratdığı bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Lakin Avropa Parlamenti bütün bunları görməzdən gəlir, Ermənistanın yalanlarını həqiqət kimi qələmə verməyə çalışır. Bu da səbəbsiz deyil, çünki Avropa Parlamentinin üzvləri buna görə erməni lobbisindən böyük məbləğdə rüşvət alırlar. Son dövlər Avropa Parlamentində korrupsiya skandalı və bununla bağlı cinayət işləri də bunu göstərdi.

Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi ilk və son hadisə deyil.

Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını dirijor çubuğu ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu hallar AP kimi qurum üçün utancvericidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti