Bakı. Trend:
İsrail xarici işlər naziri Eli Kohen yaxın günlərdə Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bunu bu gün İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Nazir bildirib ki, səfər apreldə Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın iclası çərçivəsində baş tutacaq. "Ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün nümayəndə heyətimizlə birgə Azərbaycana səfərimizi gözləyirəm", - E.Kohen vurğulayıb.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.