...

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları bəşər tarixinin ən qanlı cinayətlərindəndir - Vüqar Rəhimzadə

Siyasət Materials 30 Mart 2023 17:06 (UTC +04:00)
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları bəşər tarixinin ən qanlı cinayətlərindəndir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Erməni daşnak-millətçiləri zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Tarix faktlara əsaslanır və təbii ki, yalan üzərində qurulan təbliğatın ömrü uzun ola bilməz. Tarixə qısa nəzər salaq. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Belə ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik, dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışlar. Yaşayış məntəqələri dağıdılmış, azərbaycanlılara məxsus mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, tariximizdə ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verdi. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti ermənilərin 1988-ci ildə növbəti əsassız torpaq iddiaları nəticəsində xalqımızın başına gətirilən faciələrə yönəldib. Bildirib ki, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar.

Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində diqqət çəkən məqamlardan biri ermənilərin dinc vətəndaşlarımıza qarşı törətdikləri amansız vəhşiliklər idi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Gəncədə, Bərdədə, Tərtərdə və digər döyüş bölgəsindən uzaqda yerləşən ərazilərimizdə törədilən terror aktları Xocalı soyqırımının davamı idi. Bu cinayətlər işğalçı Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürləri idi. Ermənistan insanlıq əleyhinə cinayətləri ilə Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Həmin terror aktlarının baş verdiyi zamanlarda əhalinin öz yaşayış məntəqələrini tərk etməməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edildiyi günü böyük əminliklə gözləməsi, Orduya dəstəyi xalqımızın yenilməzliyinin, məğrurluğunun, mübarizliyinin təqdimatı oldu.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bunlar ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yalnız az bir hissəsidir. Bu gün xalqımız üçün ən böyük təsəlli ərazi bütövlüyümüzün təmin olunması, tarixi ədalətin bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının illərdir necə vəhşi millətlə üz-üzə qaldığını nümayiş etdirdi. Onların postmünaqişə dövründə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcəri, Ağdamı və Laçını boşaldan zaman törətdikləri vandalizm, ekoloji terror aktları da təəssüf ki, sivil dünyanın gözü qarşısında baş verdi.

Vüqar Rəhimzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüzün rolunu xüsusi qeyd etdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Ermənistanın və xarici ölkələrdəki erməni diasporunun yaratdığı informasiya blokadasından çıxan Azərbaycan həqiqətlərinin təbliği bütün dövrlər üçün dövlət siyasətinin əsasında dayanır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı, Heydər Əliyev Fondunun uğurlu layihələri ölkəmizin diplomatik mübarizədə qələbəsində, ermənilərin iç üzünün ifşasında əhəmiyyətli rol oynadı. Şanlı Zəfərimiz bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Azərbaycan tarixi Zəfəri ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Faciələrimizi unutmamalı, tariximizin saxtalaşdırılmasına yol verməməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti