...

İran, uran, vuran və vurulan: Qərblə Tehran razılaşa biləcəklər?

Siyasət Analytics 8 İyun 2023 14:23 (UTC +04:00)
İran, uran, vuran və vurulan: Qərblə Tehran razılaşa biləcəklər?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

İraqın, Liviyanın, Suriyanın, Somalinin, Venesuelanın və digər ölkələrin "demokratiyaya vadar edilmə" prosesindən sonra hansı vəziyyətə düşdüklərini görən İran bütün imkanlarını işə salaraq, bütün vasitələrdən istifadə edərək nüvə dövləti olmağa çalışır

İran İslam Respublikasının uranı zənginləşdirmə proqramınını artıq kritik həddə çatdırıldığı vurğulanır. Ən çox narahat olan ölkə təsiri bağışlayan İsrailin hakimiyyət mənsublarının, xüsusilə də baş nazir və müdafiə nazirinin ritorikasına nəzər salsaq, rəsmi Təl-Əviv malik olduğu bütün vasitələrdən istifadə edərək Tehranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyini bəyan edir. İsrailin bəhs etdiyi vasitələr arasında İranın nüvə obyektlərinə raket-bomba zərbələri də var.

"İranın Şimali Koreyaya çevrilməsinə imkan verməyəcəyik", - bunu İsrailin xarici işlər naziri Eli Kohen Seulda Cənubi Koreyanın xarici işlər naziri Park Çin ilə görüşdə deyib.

“Cənubi Koreya nüvə təhlükəsi ilə üz-üzədir və onlar da bizim kimi İranın qlobal sülh və sabitlik üçün təhlükə yarada biləcəyini anlayırlar”, - Koen bildirib.

O, Cənubi Koreyadan olan həmkarı ilə İranın nüvə proqramının tənzimlənməsi yollarını müzakirə etdiyini vurğulayıb.

ABŞ da İranın nüvə silahına yiyələnməyinin qarşısını almaq üçün hansısa variantı istisna etmədiyini vurğulayır.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin dediyinə görə, Vaşinqtonun İsrnaili müdafiə etmək öhdəliyi sarsılmazdır və müzakirə də oluna bilməz.

"İran sürəkli olaraq İsraili yer üzündən siləcəyini bəyan edir, bütün Yaxın Şərq regionunnun təhlükəsizliyinə təhdidlər yaradır. İran aqressiyasını bütün regiona, hətta bölogədə uzaqlara icrac edir. Məhz bu səbəbdən İran nüvə silahına yiyələnə bilməz və yiyələnməyəcək də. Məqsədimizə çatmaq üçün diplomatiya ilə yanaşı, iqtisadi təzyiq və Tehranın planlarına maneələr yaradılmasından istifadə edəcəyik. İran diplomatiya yolundan boyun qaçırarsa, prezident Baydenin indiyədək dəfələrlə dediyi kimi, İranın nüvə silahı əldə etməməsi üçün bütün variantları nəzərdən keçirəcəyik", - Entoni Blinken deyib.

Beynəlxalq Nüvə Energetikası Agentliyi (BNEA) isə yenə də İranı nüvə proqramı ilə bağlı üzərinə götürdüyü şərtləri pozmaqda suçlayıb.

Rəsmi Tehran uranın zənginləşdirmə səviyyəsini 83,7 faizə, yəni nüvə bombası əldə etməyə çox yaxın səviyyəyə çatdırsa da, BNEA durumu təhlükəli hesab etmir: "Zənginləşdirmə proqramı ilə bağlı İrana artıq suallarımız yoxdur".

ABŞ-ın dövlət katibi Entoni Blinkenin son bəyanatlarında İran açıq-aşkar hədələnsə də, Ağ Ev və xüsusilə də Birləşmiş Ştatların siyasi isteblişmenti Tehrana qarşı radikal addımlar atmağa tələsmir.

Tam əksinə, Vaşinqton Tehranla dil tapmağa çalışır.

Bəs indi İranın nüvə proqramı ilə bağlı vəziyyət nə yerdədir?

BNEA-nın son açıqlamalarına və hesabatına görə, hazırda İran zənginləşdirilmiş uran ehtiyatlarının ümumi həcmini 4744,5 kq-a çatdırıb. Bu ehtiyatın 114,1 kiloqramının zənginləşdirilmə səviyyəsi 60 faiz təşkil edir.

Nüvə bombası yaratmaq üçün 90 faizədək zənginləşdirilmiş uran gərək olsa da, 60 faiz səviyyəsində 55 kq uran da məqsədi reallışdırmağa kifayət edir.

2015-ci ildə İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə imzalıdığı "Birgə Genişmiqyaslı Fəaliyyət Planı"nda (Joint Comprehensive Plan of Action, JCPOA) isə yazılmışdı ki, Teharnın toplam uran ehtiyatları 202,8 kiloqramdan və ya 300 kq uran-ftoridddən (UF6), həmin uranın zənginləşdirilmə səviyyəsi isə 3,67 faizdən artıq ola bilməz.

İran hələ fevral ayında uranın zənginləşdirilmə səviyyəsini 83,7 faizə çatdırılmışdı.

ABŞ 2018-ci ildə JCPOA-nı tərk edərək Tehrana qarşı sanksiyalarla embarqo siyasətiin tətbiqinə qayıtdığından, iranlılar da "nüvə anlaşması" adlandırılan sazişlə bağlı öhdəliklərindən imtina etdiklərini bəyan etmişdilər.

Bununla belə, Tehran gərginliyi azaltmağa çalışıb: İran Nüvə Energetikası təşkilatının rəsmisi Bəhruz Kamalvəndinin dediyinə görə, ölkədə uranın zənginləşdirilməsi səviyyəsi 60 faizi keçməyib.

"Yüksək zənginləşdirilmə səviyyəsinə malik hissəcikərin mövcudluğu hər zənginləşdirmə prosesində rast gəlinən təbii hadisədir. Məsələn, uranı 20 faizədək zənginlşədirəndə 47 faizlik hissəciklərə rast gəlinir. Uranı 60 faizədək zənginləşdirəndə isə təbii ki, daha yüksək səviyyədə hissəciklər olur", - B. Kamalvəndi söyləyib.

BNEA da hesab edir ki, İranda uran qəsdən, bilərəkdən təqribən 84 faizədək zənginləşdirilməyib.

Yox əgər İranın bilərəkdən bu prosesi apardığı sübut edilərsə, onda Qərb ölkələri birmənalı olaraq JCPOA anlaşmasını qüvvədən düşmüş sayacaqlar və İran hədəf elan ediləcək. Bu isə İsraili İranın nüvə obyektlərinə raket-bomba zərbələri endirməyə sövq edə bilər.

İranda uranın zənginləşdirilmə səviyyəsinin 83,7 faizə çatması ilə bağlı xəbərin təşvişlə qarşılanması da anlaşılandır.

Xatırladaq ki, ABŞ-ın 1945-ci ildə Yaponiyanın Hirosima şəhərinə atdığı "Balaca" adlı nüvə bombası 80 faiz zənginləşdirilmiş urandan hazırlanmışdı.

Problem faizlərdə yox, İranın rəsmi bəyanatlara, vədlərə və açıqlamalara rəğmən, nüvə bombasına yiyələnmək istiqamətində işlərini gizli şəkildə davam etdirməsidir.

Belə getsə, İran yaxın perspektivdə belə bomba hazırlaya biləcək. Nüvə bombası əldə etmiş İranla necə davranmağı isə Qərbə kimsə dəqiq bilmir.

İrana qarşı sanksiyaların sayının yenidən artdığını da yada salsaq, mövcud durum Qərblə Tehran arasındakı münasibətlərin normallaşmağa döğru yönəlməsindən uzaqdır.

Görünən budur ki, BNEA indi Tehranın nüvə proqramı ilə bağlı olaraq İranla Qərb arasındakı sərt qarşıdurmanı səngitməyə və problemin həllini danışıqlar masası ilə məhdudlaşdırmağa can atır.

Belə ki, BNEA müfəttişləri Tehranlan 525 km cənub-şərqdə yerləşən Merivandakı nüvə obyektinin araşdırılmasına son qoyaraq bəyan ediblər ki, həmin obyekti 1960-1970-c illərdə İran yox, başqa dövlət istismar edibmiş.

İranın nüvə proqramı çərçivəsində fəaliyyət göstərən bir sıra obyektlərə də BNEA-nın müşahidə kameraları qaytarılıb. Di gəl, bütün obyektlərdə kameralar yoxdur və üstəlik, olan kameralarla çəkilən informasiyaların hamısını İran BNEA-ya vermir.
Ötən ilin payızında İranda başlanmış kütləvi etiraz aksiyalarını, habelə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda Moskvaya zərbə PUA-ları, raketlər, sursat və s. satmaqla bağlı Tehranın Qərb tərəfindən ittiham olunmasını da unutmayaq.

ABŞ və İsrail iranlıları nüvə bombası əldə etməyə can atmaqda suçlasalar da, Avropa İttifaqının kəşfiyyat strukturları Tehranın bu sahədə şələ qəti qərər vermədiyini vurğulayırlar.

Eyni zamanda, ABŞ və Tehran arasında birbaşa təmaslar olmasa da, tərəflər müxtəlif üsullar və formatlarla, o cümlədən Omanın vasitəçiliyi ilə əlaqə saxlayaraq müzakirələr aparırlar.

ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə koordinatoru Brett Makqörk bu yaxınlarda Omanın paytaxtı Maskata yollanaraq orada sultan Həysam bin Tariq əl Səidlə görüşüb.

Bir qədər sonra sultan Tehrana yollanıb,onun İranın ali dini rəşbəri ayətulla Əli Xamneyi və prezident Əli Rəisi ilə görüşləri baş tutub.

Tehrandakı münzakirələrdə Oman sultanı amerikalıların təkliflərini iranlılara çatdırıb.

Vaşinqtonun təkliflər paketi Tehran üçün cazibədar təsir bağışlaya bilər: İranın nüvə bombası əldə etmək niyyətindən birmənalı və dönməz şəkildə əl çəkərək uranın bundan sonra daha yüksək səviyyədə zənginləşdirilməsinə yönəlmiş fəaliyyəti dayandıracağı təqdirdə Vaşinqton iranlıların Qərb banklarında həbs edilmiş, habelə dondurulmuş bütün avuarlarını azad elan edəcək.

Sxem olduqca sadədir: "Nüvə bombasından imtinanın əvəzində dondurulmuş hesablardan istifadə".

Vaşinqtonun Tehranla vasitəçilərin köməyi ilə dialoq qurması istəyinin yaranmasının səbəbi İranın Fars Körfəzindəki ərəb monarxiyaları ilə, xüsusilə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri bərpa edərək normallaşdırmağa başlamasıdır.

Digər tərəfdən, ekspertlər İranın nüvə bombası əldə etmək fikrinə düşərsə, bunu çox qısa müddətdə reallaşdıra biləcəyini deyirlər.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Mark Milli də bu fikirdədir: "İran nüvə bombası üçün gərəkən materialları iki həftədən də az müddətə əldə etmək iqtidarındadır. Nüvə bombasını hazırlamaq üçünsə iranlılara cəmi bir neçə ay yetər".

Görünrü, Tehranın ərəblərlə, habelə Rusiya və Çinlə əlaqələri daha da intensivləşdirməyə başlamasından sonra ABŞ Tehranla bağlı tutduğu mövqenin çevik, sürətli və praqmatik olmadığını anlamağa başlayıb.

Amerikalılar artıq etiraf edirlər ki, "Siz ölkədəki kütləvi etiraz aksiyalarını boğursunuz, buna görə də nüvə proqramı ilə bağlı sizinlə danışıqlar aparmayacağıq" tipli strategiya özünü doğrultmur.

Qarşıda isə amerikalıları daha ağır günlər gözləyir.

Nüvə başlığı daşıya biləcək ballistik raketlərin hazırlanqması və istehsalı ilə bağlı İrana qarşı tətbiq edilmiş yasaqların müddəti oktyabr ayında bitir. BMT bu məsələni müzakirə etmək məcburiyyətindədir. Bundan başqa, İran ona raketlərlə bağlı texnologiyaların icracına və idxalına, o cümlədən uçuş məsafəsi 300 km-dən artıq PUA-ların və raketlər də daxil olmaqla əməliyyatlara qoyulmuş qadağanın ləğvini tələb edir.

ABŞ-da belə qərarları Konqres təsdiqləməlidir: konqresmenlər isə ölkənin siyasi elitalarındakı digər fiqurlarla yanaşı, növbəti prezident seçkilərinə hazırlıqla məşğul olduğundan Vaşinqton çətin vəziyyətdədir.

İranı nüvə proqramında çəkindirməyin sadəcə, bir yolu var: Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşalması, əksər yasaqların ləğvi, embarqoların aradan qaldırılması və Qərbin "mülayim siyasəti"nin ən azı 7 il davam etməsi.

İran radikal xarici siyasətindən, "İslam inqilabı ixracı" idefiskindən əl çəkəcəkmi və ya Qərb Tehranın şərtlərini qəbul edəcəkmi?

Cavab çox mürəkkəbdir, çünki tərəflərdən heç biri güzəştə getmək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti