...

Ermənistanda əhalinin Azərbaycanla sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər - Musa Quliyev

Siyasət Materials 9 İyun 2023 13:58 (UTC +04:00)
Ermənistanda əhalinin Azərbaycanla sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər - Musa Quliyev

Bakı. Trend:

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, demək olar ki, sonuncu mərhələyə qədəm qoyur və yaxın zamanda danışıqların daha da intensivləşəcəyinin, sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq.

Trend-in məlumatına görə, bunu TurkicWorld-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“44 günlük Vətən müharibəsindən sonra bölgənin təkcə tarixi və coğrafiyası dəyişmədi, həm də siyasi davranış və ritorikası dəyişdi, artıq Ermənistan bütün parametrlər üzrə darmadağın edilib. Həm bölgədə daimi sülhün olmasını istəməyən xarici qüvvələr, həm də Ermənistan daxilində Nikol Paşinyana müxalif qüvvələr müxtəlif bəhanələrlə Ermənistanda əhalinin sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər. Əlbəttə ki, bölgədə imperialist dövlətlərin marağı həmişə olub, indi də var və yəqin ki, bundan sonra da olacaq. Amma Azərbaycan və Türkiyənin bölgənin titul dövlətləri kimi önə çıxmaları, gündən-günə güclənmələri, münasibətlərin strateji müttəfiqlik səviyyəsindən “bir millət, iki dövlət” prinsipi səviyyəsinə çatması bölgədə marağı olan imperialist qüvvələrə imkan verməyəcək”, - deyə o əlavə edib.

M.Quliyevin sözünə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra Ermənistanın davranışları adekvat deyil.

“44 günlük Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat imzalandı. Kommunikasiyaların açılması, sərhədlərdə delimitasiya və demarkasiyası ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi birmənalı deyil. Bu da Ermənistana, N.Paşinyana və onun hökumətinə həm daxildəki müxalif qüvvələrin, həm də xaricdə, xüsusilə, Rusiyanın və Fransanın bir çox hallarda isə İranın təsiri ilə bağlıdır”, - deyə millət vəkili bildirib.

“Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı Fransanın da bölgəyə daxil olması imkanlarını demək olar ki, puç edir. Hesab edirəm ki, Türkiyədə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bütün hərflərin üzərinə öz nöqtəsini qoymuş olacaq. N.Paşinyanın da Ərdoğanın inauqurasiya mərasimində iştirak etməsi təsadüf sayıla biləz, yəqin ki, bu da münasibətlərin yaxşılaşmasını göstərən bir işarə idi”, - deyə o vurğulayıb.

O, hesab edir ki, Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıması, eyni zamanda daha Qarabağın adını çəkməməsi göstərir ki, yumşalmalar getdikcə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti