Bakı. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi şöbəsinin fəaliyyəti nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən son iclasında deyib.
Deputat bildirib ki, 150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıq edir.
“Təşkilat unudur ki, Azərbaycanın suverən ərazisində fəaliyyət göstərir. Hələ də ərazimizə irəvanlılar gəlib-gedir. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiyalı şəkildə qurmalı olduğunu deyib. Onlara Xankəndiyə Bakıdan gəlib-getmələri bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaqardına vurur. Ümid edirik ki, qanunazidd hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”, - V.İskəndərov əlavə edib.
Qeyd edək ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.
Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.