Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir sıra vacib məqamlara toxunub.
Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
"Həm sülh müqaviləsi, regional təhlükəsizlik, həm də Brüssel formatının əhəmiyyəti, eləcə də, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional reinteqrasiyaya qarşı fəaliyyəti diqqət çəkdi. Çünki biz ötən dövr ərzində müşahidə edirik ki, Qırmızı Xaç Komitəsinin "fəaliyyəti" sülhü pozur və sabitliyə əngəl törədir. Azərbaycan beynəlxalq hüquqdan irəli gələrək, öz konstitusiyası, qanunvericiliyinə uyğun olaraq addımlar atdığı halda, Qırmızı Xaç Komitəsinin avtomobilləri qaçaqmalçılığa cəhd edir, mobil telefonlar, benzin, siqaret daşımaq istəyini ortaya qoyur.
Qırmızı Xaç Komitəsinin avtomobillərinə Azərbaycan tərfindən heç bir maneə törədilmir. Dərman preparatlarının daşınması, xəstələrin aparılması şəffaf və ardıcıl şəkildə icra olunur. Buna rəğmən, BQXK Xankəndidə qeyri-qanuni fəaliyyət göstərir", - deyə o vurğulayıb.
Politoloq qeyd edib ki, Azərbaycan ərazisində bir humanitar təşkilatın iki ofisi fəaliyyət göstərə bilməz və Bakının iradəsindən kənar belə fəaliyyət mümkünsüzdür.
"Bu da Azərbaycanın haqlı tələbidir. Bu tələb yerinə yetirilməlidir. Qarabağda yaşayan ermənilərə dəfələrlə bəyan edilib ki, hüquqları, təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq və bütün lazımi ehtiyacları ödəniləcək. Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın suverenliyini tanıyıbsa, Xankəndidə BQXK-nin ofisinin Bakının iradəsindən kənar davranması absurddur", - deyə o əlavə edib.