...

ABŞ-nin bizim haqq işimizə məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir - QAİ

Siyasət Materials 12 Sentyabr 2023 14:53 (UTC +04:00)
ABŞ-nin bizim haqq işimizə məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir - QAİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Biz Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinkenin 10 sentyabr 2023-cü ildə verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.

Biz çox təəssüf edirik ki, dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib", - bəyanatda deyilir.

Qeyd edilib ki, bunun əksinə olaraq, Azərbaycan 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra ermənilərin Qarabağ bölgəsinə qayıtmasına şərait yaradıb:

"Azərbaycan, həmçinin, Qarabağda yaşayan ermənilərlə təmaslar istiqamətində fəal addımlar atır və onları cəmiyyətə inteqrasiya etməyə çalışır. Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar Azərbaycanın ərazilərində tamhüquqlu vətəndaş kimi yaşayırlar.

Bu konteksti nəzərə alsaq, ABŞ-nin bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu ondan xəbər verir ki, ya ABŞ-ni etnik azərbaycanlıların insan hüquqları maraqlandırmır, ya da bu dövlət, əhali qrupunun etnik təmizləməyə məruz qalmasından sonra onun taleyi ilə maraqlanmağı dayandırır. Bu bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə alsaq, ABŞ hökumətinin bu mövqeyi xüsusilə məyusedicidir.

Biz təkidlə ABŞ hökumətini insan hüquqları məsələsində ayrı-seçkilik yanaşmasına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qanuni evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını dəstəkləməyə çağırırıq. Biz həmçinin ABŞ hökumətindən Ermənistan üzərində təsir imkanlarından istifadə edərək bu dövlətin bizim İcma ilə məzmunlu dialoq aparmağa başlamasını təmin etməyi xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti