...

Yollar açıldı, separatizm yolu bağlandı

Siyasət Analytics 18 Sentyabr 2023 09:46 (UTC +04:00)
Yollar açıldı, separatizm yolu bağlandı
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Pafosdan, bəlağətli ifadələrdən və şüarçılıqdan kənar, sadəcə fakt: Ermənistan, qarabağlı erməni separatçıları, erməni diasporu və erməniləri dəstəkləyən dövlətlər, təşkilatçılar və siyasətçilər çox ağır məğlubiyyətə uğradılar.

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etdi.

"Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.

BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.

Hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı. Lakin göründüyü kimi, məsələ Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, Azərbaycanın istədiyi kimi öz həllini tapdı. Azərbaycanın prinsipial mövqeyi yenidən təmin olundu.

Əslində hər iki yolun paralel açılması təklifi Azərbaycana məxsusdur. Prezidentin köməkçisi Hikmət Hacıyev dəfələrlə bunu qeyd edib.

İndi separatçılar deyir ki, guya Beynəlxalq Qızıl Xaçın Xankəndi ofisinin və Rusiya sülhməramlılarının təklifini qəbul etməyə razılaşıblar.

Halbuki təklif ilk dəfə bizdən gəlib. Bunu həzm edə bilmirlər. Amma təhlükənin də bir addımlığında olduqlarını anladıqları üçün tələsik hər iki yolun paralel açılmasına razılıq verdilər.

Onu da xatırladaq ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanlığı və rəsmi Bakı arasında həftələrdən bəri gedən müzakirələrlə danışıqlarda praktiki nəticə əldə olunmuşdu.

"Qarabağlı ermənilərin humanitar fəlakəti", "aclıq", "blokada","soyqırım"la bağlı dezinformasiya seli və erməni propaqandası ilə yanaşı, Ermənistanın və Xankəndindəki xuntanın birgə fəaliyyətləri olan propaqanda faktiki olaraq, heç bir nəticə vermədi.

ABŞ və Avropa İttifaqının son aylardakı ətaləti, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə əsas vasitəçi və moderator olmaq cəhdlərini sözdə adekvat şüarlarla müşayiət edən kollektiv Qərb isə mövqelərinin bir qismini də itirmiş oldu.

Qərbin Cənubi Qafqazdakı geosiyasi təsir imkanları ilə geostrateji fəaliyyət arelı genişlənmək əvəzinə, daha da daralıb.

Səbəb - Qərbin verdiyi bəyanatlara rəğmən, Ermənistanı tam dəstəkləməsi, Azərbaycana isə təzyiq göstərməyə cəhdlər etməsi oldu.

Avropa İttifaqının yüksəkrütbəli məmurlarının və komissarlarının bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsinin yer alması, qarabağlı erməni separatçılarının “hüquq və təhlükəsizliklərinin təminatının beynəlxalq strukturlar tərəfindən reallaşdırılması” və s. kimi Ermənistanın narrativlərinin təkrarlayan Brüssel aşkar ermənipərəst mövqe tutmuşdu, indi də belədir.

ABŞ-a gəldikdə isə, Senatın beynəlxalq münasibətlər komitəsinin sədri, onillərdən bəri erməni diasporunun marioneti funksiyasını yerinə yetirən senator Robert Menendesin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş dinləmələrdəki ritorika Vaşinqtonun tərəddüdlərini və məqsədlərini ortaya qoydu.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken “Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin mümkün qədər tez imzalanmasında, Cənubi Qafqaz bölgəsində sülh və stabilliyin bərqərar olmasında maraqlıyıq” deyərək Vaşinqtonun obyektiv, qərəzsiz vasitçiliklə məşğul olduğunu nümayiş etdirməyə çalışsa da, Dövlət Departamentinin əməkdaşı Yuri Kimin dinləmələrdəki çıxışı çox məqamlardan xəbər verdi.

Kimin nitqi bütünlüklə Ermənistanın və qarabağlı erməni separatçılarının tələbləri ilə şüarlarının təkrarlanmasından, Bakıya açıq hədələrin və ultimatumların ünvanlanmasından ibarətdi.

Siyasət qaydaları, diplomatik etiketlə yanaşı, məntiqdən kənar bu çıxış Cənubi Qafqazda təsir imkanlarını itirmək istəməyən Rusiya Federasiyası üçün göydəndüşmə, regionda möhkəmlənmək niyyətində olan İran üçünsə əlavə fürsət oldu.

ABŞ-ın Azərbaycana qarşı qərəzli, ikiüzlü və ikili standartlı siyasət yeritməsi bölgəmizdəki proseslərdə aktiv rol oynamaq istəyən ölkələrdə yanlış illüziyalar yaratdı.

Belə ki, həmin dövlətlər ümid edirdilər ki, Senatdakı dinləmələr, xüsusilə də ermənilərə tam dəstək və Azərbaycanın ünvanına absurd hədələrin ünvanlanması rəsmi Bakının xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Sadə desək, Bakı Qərbdən əlini üzməsə də, regionda möhkəmlənmək istəyən ölkələrlə kuluar danışıqlara başlayaraq onlardan dəstək istəyəcək.

Həmin “dəstək” əslində mahiyyət etibarilə nədir, hansı fəsadlara səbəb olur və nə ilə bitir - bunu biz 1990-cı illərdə gördük, hiss etdik və anladıq.

Birləşmiş Ştatların, Avropa İttifaqının, xüsusilə də Fransanın qərəzli, reallıqdan və məntiqdən, ədalətdən və beynəlxalq hüquqdan uzaq tələblərinə rəğmən, rəsmi Bakı yürütdüyü siyasəti eyni məcrada, marşrutda və məzmunda davam etdirəcək.

Azərbaycan Avropa İttifaqı və ABŞ ilə əlaqələrin daha da intensivləşməsində, miqyasın genişlənməsində, tərəfdaşlıqla əməkdaşlığın aktivləşməsində maraqlıdır.

Bununla yanaşı, Rusiya Federasiyası və İranla da münasibətlərin yüksələn xəttinə çalışırıq.

Yəni ölkəmiz mənhus “balanslandırılmış” yox, Azərbaycanın maraqlarının təminatına və mənafelərinin reallaşmasına yönəlmiş siyasət yürüdüb, bundan sonra da belə olacaq.

Dünənki günsə Xankəndindəki separatçı xunta üçün məğlubiyyət zamanı oldu.

Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

Yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.

Ermənistan və qarabağlı erməni separatçıları isə əldə olunmuş razılaşmanı “rusiyalı sülhməramlılarla BQXK-nın anlaşması” kimi təqdim edirlər.

Onlar istədiklərini deyə bilərlər - lakin fakt budur ki, iki həftə əvvəl rəsmi Bakı bu təkliflə çıxış etmişdi.

Proses çətin olsa da, irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti