...

Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər müzakirə olunmur - "Yeni Şafak" nəşri

Siyasət Materials 21 Sentyabr 2023 11:51 (UTC +04:00)
Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər müzakirə olunmur - "Yeni Şafak" nəşri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin nüfuzlu gündəlik "Yeni Şafak" qəzeti Trend BİA-nın baş redaktoru Emin Əliyevin Azərbaycan ordusunun 19-20 sentyabr tarixlərində keçirdiyi antiterror tədbirlərinin nəticələri barədə məqaləsini dərc edib.

Sözügedən materialı Trend oxucularının diqqətinə çatdırırıq:

Prezident İlham Əliyev 24 saat ərzində Azərbaycan tarixində yeni fəsil yazdı - bu, ölkənin bütün ərazisində suverenliyin bərpa olunması fəsli oldu. Bununla eyni vaxtda dövlət başçısı başqa bir fəsli - işğal fəslini, 30 illik erməni işğalından əziyyət çəkən milyonlarla azərbaycanlının ağrı və faciəsinin fəslini - bağladı.

Sentyabrın 19-da saat 13:00 radələrində antiterror tədbirləri başlayanda bütün ölkə təxminlər irəli sürürdü: öz yüksək səviyyəsini sübuta yetirmiş Azərbaycan ordusunun erməni döyüşçülərin belini birdəfəlik qırması üçün neçə gün lazım olacaq? Məlum oldu ki, heç "günlər" lazım deyil. Bircə gün bəs etdi.

Azərbaycan ordusunu bölmələri Ermənistan silahlı qüvvələrinin qalıqlarına və separatçıların qanunsuz birləşmələrinə dağıdıcı zərbə endirdi: ölkənin Müdafiə Nazirliyi 2020-ci ildən bəri artıq öyrəşdiyimiz və hərbi obyektlərin məhvini əks etdirən videolarla yanaşı, dronların səngərlərdən qaçan erməni əsgərləri çəkdiyi kadrları yayımladı. 44 günlük müharibədə darmadağın olma təcrübəsi separatçılara yaxşı dərs olub: Azərbaycan ordusunu gördünsə, sağ qalmaq üçün qaç.

Azərbaycan ordusunun qarşısına qoyduğu vəzifələri yerinə yetirmə sürəti heyrətamizdir. Lakin Azərbaycanın əsgər və zabitlərinin yüksək peşəkarlığından təkcə tədbirlərin sürəti deyil, həm də Azərbaycan ordusunun nə qədər dəqiq işləməsi xəbər verir. Prezident İlham Əliyev dünən xalqa müraciətində vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələrinə mülki infrastruktura zərbə endirməkdən çəkinmək və dinc əhaliyə zərər yetirməkdən qaçmaq barədə sərəncam verib. Ali Baş Komandanın bu tapşırığı şərtsiz yerinə yetirilib.

Qarabağdakı separatizm özünün bədnam otuzillik tarixini başa vurdu. Artıq bu gün Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri tərksilah qaydasını və ölkəmizin hüquq sisteminə reinteqrasiya mexanizmlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlara gəliblər.

Bu bütün Azərbaycanın, bütün dünyadakı milyonlarla azərbaycanlının qələbəsidir və bu qələbənin müəllifi var - Prezident İlham Əliyev. Məhz onun səyləri, strategiyası və çoxillik səmərəli siyasəti sayəsində işğal olunmuş ərazilərin azad olunmasını mümkün edən təməl hazırlandı. Dayanıqlı və inkişaf edən iqtisadiyyat formalaşdı, müasir və əla təchiz olunmuş ordu quruldu - uğurlu dövlətçiliyin bütün bu tərkib hissələri ölkəmizin müvəffəqiyyətini şərtləndirdi. Bu tərkib hissələri Prezident İlham Əliyev formalaşdırdı, daha sonra 2020-ci ildə isə ölkənin ərazi bütövlüyünün təmin olunmasına dair tarixi missiyanı yerinə yetirdi. Sonra isə Ermənistan və Qarabağ separatçıları dövlət başçısından danışıqlar və konstruktiv dialoq üçün son şans əldə etdi.

Nə demək olar? Onlar öz şanslarını bilərək buraxdılar. Bu vaxtdan diversiya və təxribat üçün istifadə etdilər, revanşizmdən imtina etmədilər və hətta bir neçə "seçki" keçirdilər. Son həftələrdə isə separatçılar o qədər həyasızlaşdılar ki, sanki "dəmir yumruğun" nə olduğunu unutmuşdular.

Budur, Azərbaycan onlara bunu xatırlatdı.

Bu zaman Prezident İlham Əliyevin bir zamanlar dediyi daha bir sözü yada düşür: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Azərbaycan xalqı öz liderinə inandı, onun ətrafında birləşdi və bu ahəngdar birlik ölkəmizin bütün böyük qələbələrinin təməli, özülü oldu. Nə qədər çalışsalar da, heç nə və heç kim buna mane ola bilmədi. Bakıya bütün təzyiq cəhdləri uğursuz oldu, bütün dünyadakı lobbiçilərin şəbəkəsi aciz qaldı, pul da onlara kömək etmədi.

Kömək edə də bilməzdi: Prezident İlham Əliyev qarşısına vəzifə qoyursa, bu vəzifə yerinə yetirilir. Bu belə olub, belədir və belə də olacaq. Beynəlxalq təzyiqə uğurlu müqavimət bütün dünyanı Azərbaycanın mövqeyi ilə hesablaşmağa və Azərbaycan liderinin dediyi, etdiyi və tələbləri ilə hesablaşmağa vadar etdi.

İndi Qarabağın dinc əhalisinə dövlət başçısı tərəfindən daha bir şans verilir, bu onların dəqiq son şansıdır. İndi onlar qərar verməlidir: Azərbaycanın tərkibində qalacaqlar, yoxsa vətənlərinə gedəcəklər. Bu son seçimdən yararlanıb-yararlanmayacaqları isə vacib deyil.

Çünki Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər müzakirə olunmur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti