Bakı. Trend:
Ermənistanın Azərbaycan ərazisində “boz zona” saxlamaq cəhdləri dəf edilib.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı müzakirələr zamanı deyib.
O qeyd edib ki, sadəcə 24 saat ərzində qanunsuz birliklərin
90-dan artıq postu ələ keçirilmiş, 20 döyüş
maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik
döyüş sistemləri və 2 hava
hücumundan müdafiə sistemləri zərərsizləşdirilib.
"Ermənistanın ağır hərbi vasitələrinin şəkilləri mövcuddur.
Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan
ərazisində “sülh” məqsədləri üçün yerləşdirilməmişdi. Heç bir
suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul
edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün
sakinlərinin sağlamlığı və
təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz
Konstitusiyasından irəli gələn
hüquqlarına tamamilə uyğun hərəkət etmişdir. Beləliklə,
Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz
istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti
məntiqi”nə əsaslanaraq boz zonanı
saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir", - deyə nazir
bildirib.